Tədbirə buraxılmayan erməni deputatlar aksiya keçirdilər

       Tədbirə buraxılmayan erməni deputatlar aksiya keçirdilər
  08 İyun 2022    Oxunub:1500
Ermənistan müxalifətinin “Müqavimət” hərəkatının nümayəndələri İrəvanda “Marriott” otelinin qarşısında etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, həmin vaxt oteldə beynəlxalq təşkilatların nümayəndələri məhkəmə islahatlarının müzakirəsinə dair tədbirdə iştirak edirmiş.
Ermənistanın mitinq məhbusları: 10 nəfər həbs edildi
Yerli media aksiyanın təşkil olunmasına səbəb kimi beynəlxalq strukturların iştirakı ilə keçirilən tədbirə yenə də müxalif deputatların dəvət olunmamasını göstərib.

Deputat Hayk Mamicanyan jurnalistlərə deyib ki, müxalifət məhkəmə sistemi, həbs olunan şəxslər və polisin güc tətbiq etməsi ilə bağlı öz mövqeyini bildirmək üçün müzakirədə iştirak etmək arzusunu bildirib. Lakin onları dəvət etməyiblər.

- Bu tədbiri təşkil edən Konstitusiya Məhkəməsinin əməkdaşları, yəqin ki, ölkəmizin “demokratiyanın qalası” olduğunu iddia edən Ararat Mirzoyana qulaq asmırlar və buna görə də müxalifət deputatlarının tədbirə keçməsinə icazə verilmir, - Mamicanyan gileylənib.

Qeyd edək ki, müxalifət ümumilikdə aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Mitinq   Müxalifət  



Xəbər lenti