Dövlət Arxivinin Şirvan filialının direktoru saxlanıldı

   Dövlət Arxivinin Şirvan filialının direktoru saxlanıldı
  08 İyun 2022    Oxunub:1203
Dövlət Arxivinin Şirvan filialının direktoru Hamlet Hüseynovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan AzVision.az -a verilən məlumatda bildirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hamlet Hüseynovun qeyd olunan vəzifədə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2022-ci ilin aprel-may aylarında torpaq sahəsi üzrə arxivdə olan zəruri sənədlərin, eləcə də əmək stajlarının artıq hesablanması məqsədi ilə saxta arxiv arayışı əldə etmək üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Hamlet Hüseynova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

​Hazırda cinayət törətmiş şəxslərin dairəsinin və təqsirləndirilən şəxsin digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti