"Ukrayna limanlarında qalan azərbaycanlı dənizçilər çıxarılıb" - XİN

   "Ukrayna limanlarında qalan azərbaycanlı dənizçilər çıxarılıb" -    XİN
  09 İyun 2022    Oxunub:1073
Bir müddət öncə Ukraynanın Olviya limanında duran “Orion S” gəmisində Azərbaycan Respublikası vətəndaşları olan dörd nəfərdən ibarət heyətin qaldığı məlum olub. Ukraynadakı Səfirliyimiz heyətlə əlaqə saxlayıb, limana yaxın ərazilərdə təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi səbəbindən gəmini tərk etmək barədə qərar şirkətlə razılaşdırıldıqdan sonra vətəndaşlarımız gəmidən çıxarılaraq Moldova ilə sərhədə çatdırılıb.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. O bildirib ki, vətəndaşlar, Rumıniya və Türkiyə üzərindən marşrutla Azərbaycana geri dönüblər:

"Digər gəmidə qalan vətəndaşlarımız barədə Səfirliyimizə hələ ki, məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən bu məsələ ilə bağlı əlavə araşdırmalar aparılır", - L.Abdullayeva bildirib.

Qeyd edək ki, Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə xüsusi müşaviri Piter Adams Bloomberg-ə müsahibəsində Ukrayna limanlarında 80-dən çox gəmidə 450-yə yaxın xarici dənizçinin qaldığını deyib. O bildirib ki, onların üçdə biri Filippindən, əhəmiyyətli hissəsi Türkiyə, Suriya və Azərbaycandandır.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti