Ötən il abituriyentlərin 10 faizi 500-dən yuxarı bal toplayıb

   Ötən il abituriyentlərin 10 faizi 500-dən yuxarı bal toplayıb
  10 İyun 2022    Oxunub:974
Yüksək ballılar arasında respublikanın əksər bölgələrinin təmsilçiləri var. Ötən il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 6774 abituriyent 500-dən, o cümlədən 1861 abituriyent 600-dən yuxarı bal toplayıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Abituriyent 12 jurnalında qeyd olunub.

Bildirilib ki, 600 və ondan yuxarı bal toplayanların ixtisas qrupları üzrə paylanmasına gəlincə, onların 34.39%-i (640 nəfəri) I qrupun, 10.53%-i (196 nəfəri) II qrupun, 33.15%-i (617 nəfəri) III qrupun, 21.92%-i (408 nəfəri) IV qrupun abituriyentləridir.

Yüksək ballılar respublikanın 73 bölgəsini təmsil edir. Onların nisbi sayına görə Sumqayıt və Bakı şəhərləri, Qubadlı, İsmayıllı və Şahbuz rayonlarının göstəriciləri daha yüksək olub. Bu bölgələrdən ali təhsil müəssisələrinə sənəd verən hər 100 nəfər gəncin 12–16-sı imtahanlarda 500-dən yuxarı bal toplayıb. 500-700 arasında bal toplayan abituriyentlərin əksəriyyəti ən nüfuzlu ixtisaslara qəbul olub. Onlardan ən
yüksək nəticə göstərən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

Ölkənin 3234 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 24.59%-nin təmsilçiləridir. Sayı 822 olan bu məktəblərin 81-i (9.85%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 26.28%-i onların məzunlarıdır. Kənd
rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Qəbələ rayonu Soltan Nuxa kənd tam orta məktəbi, Qubadlı rayonu Hal kənd, Masallı rayonu Sığıncaq kənd, Qubadlı rayonu Çaytumas kənd və Xızı rayonu 1saylı tam orta məktəblərini göstərmək olar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti