İran və Səudiyyə dünya neft bazarlarında Rusiyanı əvəz edə bilər

   İran və Səudiyyə dünya neft bazarlarında    Rusiyanı əvəz edə bilər
  10 İyun 2022    Oxunub:1245
Neftin qiyməti artmaqda davam edir. Bu bir çox ölkə üçün ciddi problem yaradıb. Rusiya neftindən imtina edən dövlətlər alternativ yollar axtarırlar. Dünya bazarlarına daha çox neftin çıxarılmasını təmin etmək üçün ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb. Venesuelanın dövlət neft şirkətləri neft sata bilərlər.
Tarixdə hər zaman siyasi alətə çevrilmiş bu təbii sərvətlə bağlı yaranmış yeni situasiyanı şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri. Politoloq Elxan Şahinoğlu dünyanın ən çox neft istehsal edən ölkələrindən birinin də İran olduğunu xatırladıb. O qeyd edib ki, Vaşinqtonda İrana qarşı da sanksiyaların yumşaldılması mövzusu müzakirə olunur. Bunun üçün isə İranla nüvə sazişinin imzalanması vacib deyil.

- Çünki bu sazişin yaxın zamanda imzalanması problematikdir. Nüvə sazişi ilə bağlı danışıqlar nəticə vermir. Tehran İrana qarşı mövcud olan bütün sanksiyaların ortadan qaldırılmasını tələb edir. Misal üçün, İran İslam Keşikçiləri Korpusunun sanksiya siyahısından çıxarılmasını tələb edir. Vaşinqton isə ancaq nüvə proqramıyla bağlı sanksiyaları yumşalda bilər. Onlar İrana qarşı digər sanksiyalardan imtina etməyəcəklər. Buna görə də indiki şərtlər altında Vaşinqtonla Tehran arasında razılaşma problematikdir. Buna baxmayaraq, Amerikaya neft, İrana isə neftin satışından gəlir əldə etmək lazımdır, - ekspert deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, İranda sosial vəziyyət mürəkkəbdir. Əhalinin gəlirləri azalıb, bəzi yerlərdə maaşların verilməsi gecikir ki, bu da insanlar arasında narazılığa səbəb olur. İran neftini satmağa imkan əldə edərsə, sosial və iqtisadi problemlərinin həllini sürətləndirə bilər. Hazırda İran öz neftini ucuz qiymətə Çinə və Hindistana satır. Bu isə çox böyük gəlir əldə etməyə imkan vermir. Çin neft əvəzinə İrana məhsullar ixrac edir. İrana isə valyuta lazımdır.

- İran və Səudiyyə Ərəbistanı dünya bazarlarında Rusiya neftini əvəz edə bilərlər. Vaşinqton Ər-Riyadla danışıqlar aparır ki, Səudiyyə Ərəbistanı dünya bazarlarına daha çox neft çıxarsın. İran da bu prosesə qoşularsa, neftə olan tələbat azalar və qiymətlər sabitləşər. Neftin qiymətlərinin sabitləşməsi bir çox ölkənin maraqlarına cavab verir. Neft istehsal edən ölkələr də neftin qiymətinin sabitləşməsini istəyirlər. Çünki neftin qiyməti yüksək olduğu kimi qəfil ucuzlaşa da bilər. Bu isə neft istehsal edən ölkələrin gəlirlərini azaldacaq və həmin dövlətlər büdcələrini dəyişdirmək məcburiyyətində qalacaqlar,- politoloq qeyd edib.

Tural Tağıyev

AzVision.az



Teqlər: İran   Neft   Rusiya   ABŞ  



Xəbər lenti