"Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür"

   "Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür"
  15 İyun 2022    Oxunub:2799
“Ötən il Azərbaycanda 15 İyun - Milli Qurtuluş Günü tamamilə fərqli bir ab-havada qeyd edildi. Torpaqlarımızın işğaldan azad edilməsindən, ədalətin bərpasından sonra ilk dəfə dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününü Zəfər ruhunda azad Qarabağda, azad Şuşada qeyd etdik”.
AzVision.az xəbər verir ki, bu fikirləri Yeni Azərbayacan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Şuşa Bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı düşüncələrini KİV-ə açıqlayarkən bildirib:

V. Rəhimzadə qeyd edib ki, çağdaş tariximizə Şuşa Bəyannaməsi kimi yazılan bu sənəd siyasi əhəmiyyəti ilə dünyanın diqqətində oldu:

“Şuşa Bəyannaməsinin imzalanmasının məhz Milli Qurtuluş Gününə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var idi. Bu tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidi olduq.

Artıq bir ildir ki, Bəyannamədə əksini tapan müddəalar geniş şəkildə şərh olunur, qarşıdakı dövrdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün yaradılan imkanlar diqqətə çatdırılır. Azərbaycan-Türkiyə münasibətləri həqiqətən də daim dünyaya nümunə olub. Bu birlik bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti əsasında reallaşan qlobal və regional layihələr dövlətlər, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir”.

O vurğulayıb ki, bu birlik İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə, həmçinin postmünaqişə dövründə dünyanın diqqətini bir daha özünə çəkdi:

“Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanması zamanı hətta Şuşada ölkəsinin Baş konsulluğunun açılacağını da bəyan etdi.

Qardaş Türkiyənin Azərbaycana, eyni zamanda, Azərbaycanın Türkiyəyə dəstəyi fonunda günbəgün möhkəmlənən bu birliyi, həmrəyliyi dövlət başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında “Aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu, özü hər şeyi deyir” fikirləri ilə ifadə etdi”.

V. Rəhimzadə vurğulayıb ki, 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdilər:

“Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birlərinə hərbi-siyasi dəstək verəcəklər.

YAP Xətai rayon təşkilatı sədrinin sözlərinə görə, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür: “Bəyannamənin məhz Şuşada imzalanması ilə rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi. Sənədin imzalandığı məkan təbii ki, mühüm əhəmiyyət kəsb edir. Bölgənin ən yeni tarixi üçün Şuşa Bəyannaməsinin önəmi qarşıdakı illərdə daha da artacaq.”

V. Rəhimzadə bu birliyin təcəssümü kimi mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalından da bəhs edib:

“Dünyaya örnək olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Gələcəkdə dərsliklərə salınacaq Şuşa Bəyannaməsi bu qardaşlığın mühüm tarixi hadisə kimi yaddaşımıza həkk olunmasında və təbliğində əhəmiyyətli rol oynayacaq”.

AzVision.az





Teqlər:



Xəbər lenti