Minifutbol millimiz – Komandanı kim və necə yaratdı?
Əslində komandamızın Avropa çempionu olması hər birimizi sevindirmək üçün kifayət qədər yetərli səbəbdir. Ancaq burada bir məqam da var ki, biz məhz ona görə daha çox qürurlanırıq. Bu, Avropa çempionu olan yığmamızın əsl milli komanda olmasıdır. Yəni məşqçi heyətindən tutmuş futbolçularına qədər hər biri azərbaycanlıdır. Heyətdə nə braziliyalı var, nə kubalı, nə də afrikalı biri. Şübhəsiz ki, bəzi idman növblərində olduğu kimi minifutbol millimizdə də legionerlər olsaydı, komanda bizə o qədər doğma gəlməyəcəkdi. Prezident İlham Əliyev də yığmamızla görüşündə bu məqamın onu xüsusi sevindirdiyini bildirib.
Dövlət başçısının fikirlərindən bir hissəsini də xatırlatmaq yerinə düşər ki, komandanın hansı şəraitdə Avropa çempionu olması hamıya aydın olsun: “Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”.
Futbolçularımızın paltardəyişmə otağında çempionluq sevincini 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin şərəfinə yazılmış “Yaşa Azərbaycan” mahnısı ilə qeyd etməsi də duyğulandırıcı idi.
Böyük futbolda kiçik uğurumuzun belə olmadığı bir vaxtda kiçik futbolda böyük uğur qazanmışıq. Bu isə qəflətən baş verməyib. Minifutbol Federasiyasının təsisçilərindən olan, "Zirə" klubunun fəxri prezidenti Orxan Məmmədovun təşəbbüsü və dəstəyi ilə 2007-ci ildə “Azfar Group” yaradılır. Tədricən meydançalar qurulur. 2017-ci ildə artıq “Azfar Group”un 30-a yaxın meydançası olur. Həmin il Orxan Məmmədov minifutbolun federasiyasını yaratmaq fikrinə gəlir. Dünya Minifutbol Federasiyası (WMF) isə bizi üzvlüyə qəbul etmir. 2017-ci ildə Tunisdə minifutbol üzrə dünya çempionatı keçirilən zaman Dünya Minifutbol Federasiyasının dəvəti ilə “Azfar Group”un rəhbərliyi Orxan Məmmədov, Azər Hüseynov və Taleh Nəsibov bu ölkəyə səfər edir. Orada dəfələrlə WMF-in rəhbər şəxsləri ilə görüşlər olur. Nəhayət, həmin il Azərbaycan Minifutbol Federasiyası təsis olunur və bir il sonra WMF-yə üzv seçilir.
Federasiyanın təsisçisi isə “Azfar Group” və “Zirə” klubu olur. Yeni yaradılan millimiz 2018-ci ildə Ukraynada keçirilən Avropa çempionatında qrupda qalır. Türkiyəyə qalib gələn yığmamız Macarıstan, Serbiya və Çexiyaya uduzur. Həm il Azərbaycanda minifutbol üzrə ilk dəfə yerli çempionat da keçirilir. Milli komandamız 2019-cu ildə Avstraliyada keçirilən dünya çempionatına vəsiqə qazana bilmir. 2020-ci ildə Slovakiyada keçirilməli olan Avropa çempionatı isə iki dəfə təxirə salınır. Nəhayət, bu ay Slovakiyada təşkil edilən Avropa çempionatında millimiz qitənin ən güclüsü olur. Göründüyü kimi, yalnız 2-ci cəhdində yeni yaradılmış komandamız adlı-sanlı rəqiblərini üstələməyi bacarır. Elə millimizin finalda qalib gəldiyi Rumıniya yığmasının altıqat Avropa çempionu olmasını xatırlatmaq kifayətdir.
Millimizi 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı gözləyir. “Zirə” Futbol Klubunun prezidenti Taleh Nəsibovun başçılıq etdiyi komanda Slovakiyadakı Avropa çempionatının 1/4 finalına yüksələrkən artıq mundiala vəsiqəni qazanıb.
Yığmamızın dünya çempionatında da uğur qazanacağına ümidlər çoxdur. Çünki bütün kollektivin əzmkarlığını son Avropa çempionatında gördük. Əsas futboldan fərqli olaraq minifutbolda idarəçilik düzgün aparılır. Biz idarəçiliyin düzgün olduğu vaxtlarda “Neftçi”nin də uğurlu çıxışlarını görmüşük. Artıq neçə illərdir “Qarabağ” “Azərbaycanda futbol yoxdur” düşüncəsini beynimizdən qovur. Son olaraq isə minifutbol millimizin Avropa çempionu olması yerli futbolçularımıza olan ümidləri artırdı.(Qol.az)
AzVision.az
Teqlər: