"Demokratiya"nın güllə açdığı ölkə

// Qərbin erməni reallığını görməsi üçün neçə ölüm lazımdır?

"Demokratiya"nın güllə açdığı ölkə
  20 İyun 2022    Oxunub:20034
Bir neçə il bundan əvvəl kənar qüvvələrin ssenarisi çərçivəsində aparılan oyunlar nəticəsində hakimiyyətə gətirilən Nikol Paşinyanın Ermənistanda əsl demokratik cəmiyyət quracağı barədə gen-bol vədlər verildi. Onun əvvəlki Köçəryan-Sarqsyan kriminal tandemindən fərqli olaraq, ölkədə siyasi plüralizmi, söz azadlığını və şəffaflığı ehtiva edən şərait yaradacağı bildirildi.
Lakin Nikol Paşinyan da sələfləri kimi ilk növbədə öz rəqiblərini təqib etmək, onları neytrallaşdırmaq və imkan daxilində siyasi arenadan tamamailə uzaqlaşdırmaq taktikasını seçdi. Sabiq prezident R.Köçəryan da daxil olmaqla, əvvəlki hakimiyyətin təmsilçiləri və onların yaxınları təqiblərə və hətta həbslərə məruz qaldılar. Onların müdafiəsi üçün təşkil olunan etiraz aksiyaları amansız şəkildə dağıdıldı, kütləvi həbslər aparıldı, tənqidi mövqedən çıxış edən kütləvi informasiya vasitələrinin ağızları isə sərt şəkildə qapadıldı. Öz siyasi oppnentlərinə divan tutan Ermənistan hakimiyyəti hətta məhkəmələrə belə ciddi təzyiqlər göstərməyə başladı.

Paşinyanın rəhbərliyi dövründə müxalifətin üzləşdiyi bu cür repressiyalar fonunda Ermənistan hökumətini tənqid edənlərin indi də sadəcə güllələnməyə başlanması heç də təəccüblü deyil. Erməni mediasının yaydığı məlumata əsasən, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Matevos Asatryanın və Ermənistanın Araqaçotn vilayəti qubernatorunun müavini, “Vətəndaş müqaviləsi” pariyasının üzvü Edqar Pərvanyanın qohumları Aparan şəhərindən olan bir qrup gənci gülləbaran ediblər. Həmin şəhərin Nihavan kəndində yaşanan hadisə nəticəsində iki nəfər ölüb, 5 adam isə yaralanıb. Yaralananlardan birinin də vəziyyətinin ağır olduğu vurğulanır. Açıqlanan məlumata görə, ölənlərdən biri Aparan şəhərinin meri Karen Yegiazaryanın çox yaxın qohumudur.

Ən maraqlısı gülləbaranın baş vermə səbəbidir. Məlum olub ki, aparanlı gənclər baş nazir Nikol Paşinyan haqqında tənqid fikirlər səsləndirdiklərinə görə hakim partiyanın deputatlarının qohumlarının, daha doğrusu onların “Kalaşnikov” avtomatının qəzəbinə tuş gəliblər.

Daha bir maraqlı məqam Qərb dövlətlərinin və beynəlxalq insan haqları təşkilatlarının mahiyyət etibarı ilə siyasi terror aktı olan bu cinayəti şükutla müşahidə etməsidir. Sözüz ki, Azərbaycanda belə faciənin hətta 0,01%-ni xatırladan bir hadisə baş versə idi, Qərbdəki bəlli dairələr beynəlxalq hüquq-müdafiə təşkilatlarının, media qurumlarının və bəzi ekspertlərin bizə qarşı növbəti böhtan kampaniyasına xeyir-dua verəcəkdilər.

Amma "demokrat" adlandırdığı Nikol Paşinyana və az qala regionda demokratiya vadisi kimi qiymətləndirdiyi Ermənistana münasibətdə, müxalifətə qarşı repressiyaların təşkilinə və insanların hətta tənqidə görə qətlə yetirilməsinə Qərbin laqeyd qalması ilk dəfə deyil. Son otuz ildə bütün hakimiyyətlər dövründə müxalifətə divanlar tutulması, qanlı cəza tədbirləri hesabına hakimiyyətə gəlinməsi və onun əldə saxlanması, hətta prezidentliyə namizədlərə qarşı sui-qəsdlərin təşkili, parlamentin gülləboran edilməsi, indi isə hökumətin tənqidinə görə gənclərin qətlə yetirilməsi Ermənistan “demokratiya”sının terror qoxusu yayan özəlliklərindən xəbər verir. Uzun illər boyu buna göz yuman Qərb isə vaxtaşırı Ermənistana "bəh-bəh" deməklə, əslində bu cür “demokratiya”nı dəstəklədiyini sərgiləyir.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər: Ermənistan   terror  





Xəbər lenti