Ən şimal buzlaqlar rekord sürətlə əriyir

Ən şimal buzlaqlar rekord sürətlə əriyir
  22 İyun 2022    Oxunub:238
Qrenlandiyanın kiçik buzlaqları yüksək sürətlə əriyir və bu proses xüsusən də Arktik regionlarda daha tez gedir.
Yeni tədqiqatın müəllifləri buz sipərləri ilə əlaqəli olmayan bu buzlaqların son onilliklər ərzində nə qədər kütlə itirdiyini dəqiq öyrəniblər. Arktikada hərarət digər yerlərlə müqayisədə sürətlə yüksəlir. Bu, Qrenlandiyanın ən şimal buzlaqlarının rekord sürətlə əriməsinə gətirib çıxarır.

Tədqiqatçılar komandası Qrenlandiya buz sipərinə aidiyyəti olmayan kiçik buzlaqlar üzərində fikrini cəmləşdirib. Bu ətraf buzlaqlar Qrenlandiyanın buzla örtülən bütün ərazisinin cəmi 4 faizini təşkil edir. Lakin onların payına ümumi buz itkisinin təqribən 11 faizi düşür. Bu isə o deməkdir ki, onlar dəniz səviyyəsinin qlobal yüksəlməsinə əsas töhfə verirlər.

Alimlər araşdırıblar ki, son 20 il ərzində ətraf buzlaqların əriməsi kəskin artıb. 2018-ci ilin oktyabrından 2021-ci ilin dekabrınadək orta hesabla ildə 42,3 giqaton buz əriyib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ilin fevralından 2009-cu ilin oktyabrınadək müvafiq göstərici hər il 27,2 giqatona bərabər olub.

Hazırda təcrid edilmiş buzlaqlar Qrenlandiya buz örtüyünün bir hissəsi deyil, lakin Arktikanın əriməsi prosesinin öyrənilməsində onları nəzərə almaq vacibdir.

AzVision.az

Teqlər:







Xəbər lenti