Netanyahudan Qəzzaya yeni ismarıc

Netanyahudan Qəzzaya yeni ismarıc
  05 Aprel 2013    Oxunub:1279
İsrailin baş naziri Benyamin Netanyahu, atəşkəsin pozulacağı təqdirdə zərbə endirməkdən çəkinməyəcəklərini deyib.
İsrail həbsxanasında fələstinli məhbusun xərçəngdən vəfat etməsindən sonra İordan çayının qərb sahilində baş verən toqquşmalara görə İsrailin baş naziri Benyamin Netanyahu Həmasın məsuliyyət daşıdığını bildirib. İsrailin hökumət başçısı atəşkəsin pozulacağı halda cavab atəşi açacaqlarını vurğulayıb.

Qəzzadan atılan raketlərə də münasibət bildirən Netanyahu ölkəsinin vətəndaşlarının təhlükəsizliyinin onun üçün hər şeydən vacib olduğunu diqqətə çatdırıb. Vətəndaşlarını qorumaq üçün isə İsrail hökumətinin başçısı bütün vasitələrdən istifadə edəcəklərini açıqlayıb.

Xatırladaq ki, fələstinli məhbus 64 yaşlı Əbu Hamdiyənin İsrail həbsxanasında xərçəngdən vəfat etməsindən sonra qəzzalılar İsraillə sərhəddə etiraz aksiyası keçirib. İsrail polisi onların qarşısını almaq üçün atəş açıb. Bu atəş isə 2 fələstinlinin həyatına son qoyub.

Muxtariyyət lideri Mahmud Abbas isə regionda vəziyyətin gərginləşməsinə görə İsraili günahlandırıb. Mahmud Abbas dinc aksiya zamanı insanların öldürülməsini yolverilməz sayıb. O vurğulayıb ki, Təl-Əviv təhlükəsizliyin təminatını istəyirsə güc tətbiq etməməlidir. Bu addım isə İsrailin sülhdə maraqlı olmadığını göstərir.

İsrailin kəşfiyyat saytı “Debka” isə dövlət radiosuna istinadən bildirir ki, Fələstinlə İsrail arasında birbaşa danışıqların mayın 11-də Türkiyədə başlayacaq. İddiaya görə, danışıqlara ABŞ-ın dövlət katibi Con Kerri vasitəçilik edəcək. Con Kerrinin regiona səfəri də gözlənilir.


Teqlər:  





Xəbər lenti