Prezidentin səlahiyyətləri Heydər Əliyevə verilən gün...

   Prezidentin səlahiyyətləri Heydər Əliyevə verilən gün...
  25 İyun 2022    Oxunub:866
Elşad Mirbəşiroğlu
Millət vəkili

Ötən əsrin 90-cı illəri dünya siyasi xəritəsinin köklü şəkildə dəyişməsi ilə tarixdə iz buraxdı. SSRİ-nin süqutu ilə ittifaq dövlətləri öz müstəqilliklərinə qovuşdular. Lakin bəzi postsovet ölkələri üçün bu proses olduqca ağrılı keçdi. Bu mənada Azərbaycanı ayrıca qeyd etmək lazımdır.
Ötən əsrin 80-ci illərinin sonundan başlayaraq, Ermənistan ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış etməyə, Ermənistanda yaşayan soydaşlarımıza qarşı cinayətlər törətməyə başladı. Azərbaycanıların kompakt yaşadıqları ərazilərə hücümlar təşkil edilirdi və insanlar öz tarixi yurd-yuvalarından kütləvi şəkildə qovulurdular. 90-cı illərin əvvəllərində isə artıq aşkar işğalçılıq siyasəti həyata keçirən Ermənistan keçmiş Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etdi.

Ermənistanın bu təcavüzkarlığı Azərbaycanın təhlükəsizliyinə ciddi təhdid yaradırdı. Bu azmış kimi, ölkə daxilində vəziyyət olduqca gərgin idi, siyasi xaos günbəgün dərinləşirdi. Yenicə müstəqil olmuş Azərbaycanın dövlətçiliyi real sual altında idi. Ölkə ağır sosial-iqtisadi problemlər içərisində idi. Belə ağır siyasi, iqtisadi və sosial durumda Azərbaycan xalqının yeganə ümidi Heydər Əliyevə idi.

Hər zaman xalqının taleyinə böyük həssaslıqla yanaşan Heydər Əliyev xalqın təkidli istəyini nəzərə alaraq hakimiyyətə qayıtdı. 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi iclasda ölkənin düşmüş olduğu vəziyyətin mürəkkəbliyini və ağırlığını dərk etdiyini vurğuladı. Məhz elə həmin gün də Azərbaycan xalqı qarşısında söz verərək dedi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Ulu Öndər səsləndirdiyi fikirlərə tam uyğun olaraq, qısa zaman kəsiyində ölkənin siyasi və sosial-iqtisadi vəziyyətində ciddi dönüş yaratdı. Hər şeydən öncə daxili siyasi sabitliyi təmin etdi. Qısa zamanda hakimiyyət uğrunda qeyri-sivil mübarizə aparan bütün qanunsuz silahlı birləşmələr ləğv edildi və ölkə inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin rəhbərliyi dövründə parlament demokratiyasının əsası qoyuldu və parlamentarizm ənənələri tez bir zamanda oturuşdu.

24 iyun tarixində parlamentin iclasında Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsi haqqında qərar qəbul olundu. Bu, Azərbaycan dövlətçiliyi üçün və Azərbaycan xalqının həyatında olduqca əhəmiyyətli bir hadisə idi. Sonrakı mərhələdə ölkədə sabitliyin, təhlükəsizliyin təmin olunması, milli iqtisadi sisteminin yaradılması üçün daha təsirli addımlar atılmağa başladı. Ulu Öndər Əliyevin Parlamentə rəhbərliyi dövründə bir sıra mühüm qanun layihələri qəbul olundu, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətdə əhəmiyyətli işlər görüldü. Heydər Əliyevin xalqının təkidli xahişi ilə ikinci dəfə ali siyasi hakimiyyətə qayıtması Azərbaycan xalqının və dövlətçiliyinin xilası oldu. Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata davam etdirilməsi ölkəmizi hər zaman liderlər sırasında saxlamaqdadır. Vətən müharibəsindəki tarixi qələbəmizin fundamental elementlərinin formalaşmasının əsasında məhz vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış addımlar dayanır.


Elşad Mirbəşiroğlu
Millət vəkili



Teqlər: Heydər-Əliyev  





Xəbər lenti