Çapay Sadıqlı nə üstündə öldürülüb? - TƏFƏRRÜAT

   Çapay Sadıqlı nə üstündə öldürülüb? -  TƏFƏRRÜAT
  27 İyun 2022    Oxunub:2284
AXCP-nin Bərdə rayon təşkilatının sədri Çapay Sadıqlının qətlinin təfərrüatları məlum olub.
AXCP fəalı ötən gün Bərdə rayonunun Samux kəndində həmyerlisi Xazər Məmmədov tərəfindən öldürülüb. Hadisə torpaq üstündə baş verib.

Mərhumun qohumları saytımıza bildiriblər ki, X.Məmmədovla 68 yaşlı Çapay Sadıqlı arasında torpaq mübahisəsi bir ilə yaxın davam edib:

“Torpaq üstündə mübahisə 1 ilə yaxın idi ki, davam edirdi. Çapay müəllimlə Xazər arasında mübahisə son həftələrdə daha da şiddətlənmişdi. Xazərin kənd ərazisində pay torpağı var, Çapay Sadıqlıya məxsus bələdiyyə torpağı ona bitişikdir. Xazər Çapay müəllimin torpağını mənimsəmək istəyirdi. Həmin torpağın ona məxsus olduğunu iddia edirdi. Lakin qanunla həmin torpaq Çapay müəllimə məxsusdur. Beləcə, aralarında münasibətlər pisləşmişdi”.

Kənd sakinləri bildiriblər ki, qətl baş verən gün tərəflər yenidən mübahisə ediblər. Lakin sonda onların torpaq davası birinin ölümü, digərinin həbsi ilə nəticələnib:

“Çapay Sadıqlı ora taxıl biçdirmək üçün getmişdi, Xazər Məmmədov da yaxınlıqda öz heyvanlarını otarırmış. Əlində dəryaz olub. Onlar yenidən mübahisə ediblər. Xazər əlindəki dəryazla Çapay Sadıqlıya zərbələr endirib. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb. Heyif, kaş belə hadisə olmayaydı”.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 1968-ci il təvəllüdlü Xazər Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (Modern.az)

AzVision.az


Teqlər:





Xəbər lenti