İnstaqram Azərbaycanda niyə musiqili videoları bloklayır?

   İnstaqram Azərbaycanda niyə musiqili videoları bloklayır?
  28 İyun 2022    Oxunub:1703
Son 1 həftə ərzində instaqram kütləvi şəkildə Azərbaycan və bir sıra ölkələrdə musiqili videoları bloklamağa başlayıb.
Səbəb isə videolar üçün istifadə olunan musiqilərin müəllif hüquqlarının pozulmasıdır. Lakin istifadəçilərə göstərilən bildirişdə videoların Azərbaycanla yanaşı bir sıra Afrika, Mərkəzi Amerika və digər IEOÖ-də (İnkişaf Etməkdə Olan Ölkələr) bloklandığı göstərilir. Burada isə əsas sual ortaya çıxır ki, videolar niyə məhz bu ölkələrdə bloklanır?

AzVision.az xəbər verir ki, məsələ ilə bağlı texnobloqer Fərid Pərdəşünas Technote.az-a açıqlama verib.

Onun sözlərinə görə, instaqramda yalnız müəlliflik hüququ özümüzə məxsus olan video və fotolar paylaşa bilərik: “Bu cür görüntülərdə başqasına məxsus olan bir musiqi parçasını istifadə etmək, birbaşa müəlliflik hüququnun pozulmasıdır. İnstaqram isə bunu yalnız məhdud ölkələrdə tətbiq edir”.

Pərdəşünas bunun səbəbinin əslində sadə olduğunu deyib: “İlk olaraq videolarda musiqilərin istifadəsi ilə bağlı instaqram 2020-ci ilin 20 may tarixində yeni qaydalar toplusu qəbul edib. Bu qaydalar ilə instaqramın rəsmi saytından tanış ola bilərsiniz. Belə ki, instaqramın “Instagram music” adlanan musiqi servisi yalnız onların partyonrlarının olduğu ölkələrdə aktivdir. Bu servis vasitəsilə instaqram insanlara musiqilərdən istifadə imkanını yaradır. Lakin bu servis bizim ölkədə aktiv deyil”.

Texnobloqer, həmçinin bildirib ki, bir sıra ölkələrdə belə hallara rast gəlinmir: “Musiqilərdən videolarda istifadəyə o ölkələrdə icazə verilir ki, instaqramın həmin ölkədə müəllif hüquqlarını qoruyan partnyor şirkəti olsun. İnstaqram belə şirkətləri “rights holders” adlandırır. Yeni qaydalara görə hətta siz musiqidən istifadə edən zaman müəllifin adını, kanalını işarələyib, ona keçid versəniz belə bloklana bilərsiniz. İnsaqram yalnız rəsmi icazə ilə, musiqilərin müəllif hüquqları tam qorunduqda belə videoların yayılmasına imkan verir. Bunu isə təyin etmək üçün instaqram “rights holders”lər ilə əməkdaşlıq etməlidir”.

Pərdədüşnas qeyd edib ki, instaqram Azərbaycanda heç bir “rights holder”, yaxud musiqi leybılı ilə əməkdaşlıq etmir: “Buna görə də həmin musiqilərin heç birinin müəllif hüquqlarını qoruya bilmədiyi üçün ən asan yol olan bloklamağa əl atır. Yəni siz bu musiqini instaqramın əməkdaşlıq etdiyi şirkətin olduğu ölkədən paylaşsaydınız, bu belə olmayacaqdı. Siyahıda olan ölkələrə nəzər salanda da görmək olar ki, instaqram üçün maraqlı olmayan bazarların adları burada yer alır. Belə vəziyyətdə vətəndaşların və sosial media istifadəçilərin edə biləcəyi heçnə yoxdur. Sadəcə özümüzün bəstəsi olmayan heç bir musiqidən istifadə etməli deyilik. Ümid edək ki, instaqram ölkəmizdən olan bir şirkətlə əməkdaşlığa başlayıb, müəllif hüquqlarının təmin edilməsinə şərait yaradar”.

AzVision.az



Teqlər:





Xəbər lenti