Azərbaycanlının vətənpərvərliyi qloballaşma prosesinə alternativdir

   Azərbaycanlının vətənpərvərliyi qloballaşma prosesinə alternativdir
  29 İyun 2022    Oxunub:1007
Vətənpərvərlik duyğuların partlaması deyil, insanın bütün həyatı boyu davam edən sakit və davamlı sədaqətdir” - Şotland roman yazıçısı, şair Robert Lyuis Stevenson

Vətənpərvərlik anlayışının yaranması üçün ilkin şərtlər hələ ibtidai cəmiyyətdə formalaşır və ailəyə, qəbiləyə, tayfaya, öz torpağına bağlılıq, tayfa tanrılarına və əcdadlarına pərəstişlə bağlıdır. İlk dəfə vətənpərvər sözü adi təfsirində 1789-1793-cü illər Fransa İnqilabı zamanı ortaya çıxdı. O zaman vətənpərvərlər özlərini xalq davası uğrunda döyüşçülər, cümhuriyyətin müdafiəçiləri adlandırırdılar - monarxistlər düşərgəsindən olan satqınlar, vətənə xəyanətkarlardan fərqli olaraq.

Bizim dövrümüzdə vətənpərvərlik getdikcə daha çox təriflər alır. İnsanlar artıq yalnız qaydalara riayət etməyi və özlərini çərçivəyə salmağı sevmirlər.

Yeni sözlər, yeni hərəkətlər və yeni mənalar, bəlkə də köhnə terminlər var. Biz hələ də lüğətlərə etibar etsək də, bu və ya digər termin haqqında öz fikrimizi bildirmək, yeni şəxsi təriflər irəli sürmək, onları yaşadığımız dövrə uyğunlaşdırmaq istəyirik. Bütün bunlar müasir texnologiya əsri, genişlənmiş informasiya sahəsi və insanlar arasında demək olar ki, qeyri-məhdud ünsiyyət sayəsində baş verir.

İndi vətənpərvərlik mədəni dəyərlərin dünyada təbliğidir. Bizim dövrümüzdə vətənpərvərlik bir neçə səviyyəyə malikdir, çoxşaxəlidir.

44 gün və puç olan planlar

Cəmiyyətimizdə baş verən dəyişikliklər bizi vətənpərvərlik kimi bir fenomenə yenidən nəzər salmağa məcbur etdi. Bir çoxları hesab edirdi ki, cəmiyyətimiz ciddi problemlə üzləşib - gənc nəsildə özünü inkişaf etdirmək və özünü reallaşdırmaq istəyinin olmaması, eləcə də ölkəsinin inkişafına töhfə vermək istəməməsi var.

Bu daha çox onunla bağlıdır ki, köhnə təhsil sistemi dağılıb, yenisi isə özünü doğrulda bilmədi, Qərbin “müasirlik” və “demokratiya” dəyərləri mənəvi dəyərləri sıxışdırdı. Ötən illər ərzində bəzi qüvvələr müəyyən üsullarla gənc nəsillərin şüuruna vətənpərvəlikdən kənar görüntülər yerləşdirməyə başladı. Bunun nəticəsində vətənpərvərlik dəbdə olmayan bir şey və hətta müasir insan üçün tamamilə lazımsız bir keyfiyyət kimi qəbul edilməyə başladı.
Və vətənpərvərlik insanın həyatının bütün sahələrində (ünsiyyət, təhsil fəaliyyəti, əmək fəaliyyəti) təzahür etdiyi üçün vətənpərvərlik hissinin olmaması ilə bağlı mənfi hallar bu sahələrin hər birində özünü göstərəcəkdi.

Bu, ünsiyyət və qarşılıqlı əlaqənin dağıdıcılığına, təhsilin dəyərinin azalmasına, işdə məsuliyyətin azalmasına, sosial əhəmiyyətli həyat məqsədlərinin olmamasına səbəb olur. Yuxarıda göstərilən amillərin hamısı asılılıq və deviant davranışın bütün formalarının kəmiyyət artımı kimi bir tendensiyanın yaranmasına gətirib çıxarır. Gənclər arasında cinayətkarların, narkomanların, işsizlərin, savadsızların sayının artması qarşıdakı illərdə dalana dirəniş yarada bilər.

Lakin Vətən müharibəsi Azərbaycan xalqının bir çox milli mənəvi dəyərlərini dünya ictimaiyyətinə açıq şəkildə nümayiş etdirdi. Əhalinin böyük ruh yüksəkliyi ilə Vətən müharibəsinə bu və ya digər formalarda qoşulması xalqın Vətənə və torpağa bağlılığının əyani tərənnümü idi.

Vətən müharibəsi Azərbaycan xalqının çox nadir müsbət keyfiyyətlərini, o cümlədən əcdadlarımızdan əmanət qalan mərdliyini və mətanətini nümayiş etdirdi. Və ən əsası bir çox xarici planların məhvinə gətirib çıxardı. Xüsusilə kənardan din pərdəsi altında gənclərə aşılan hücumların mənasız olduğu ortaya çıxdı. 44 gün - Yaşından asılı olmayaraq bütün azərbaycanlıların vahid olmasını, keçmişə hörmətini və dövlətə bağlılığını nümayiş etdirdi.

Vətənpərvərlik sözü Vətənin və onun maraqlarının müdafiəsində dözüm və cəsarət tələbi ilə bağlı siyasi məna ilə doldu. Vətənpərvərlik insanın əsas sərvəti kimi şəxsiyyətin fəaliyyətinin bütün tərəflərində özünü göstərdi. Döyüşə gedən gənclərin simasına nəzər saldıqda Vətənpərvərliyin necə zənginləşdiyini, təsvirinin sətirlərinin necə dolduğunu, insanların "Vətən adını qorumaq" ifadəsinin arxasında necə dayandığını gördük.

Vətənpərvərlik onların simasında vətənə, onun xalqına, adət-ənənələrinə şüurlu məhəbbət kimi tərənnüm olunurdu. Humanizm, ləyaqət, mərhəmət, vicdan, ədalət və daha çox şey - bütün bu təsvirlər lüğətlərdə olduğu kimi, 44 gündə cəbhədə və evində mənəvi cəhətdən döyüşən vətənpərvərlərin qəlbində vardı. Mənəvi dəyələrin də qorunması şəxsi və vətəndaş formalaşmasının dinamik bir prosesi olmaqla, Azərbaycan sivilizasiyasının, cəmiyyətin sosial və mənəvi həyatının inkişafı üçün əsasdır.

Vətənpərvərlik

Vətənpərvərlik ümumiləşdirilmiş formada Vətənə məhəbbət hissini, onun mənafeyinə qayğı və onu düşmənlərdən müdafiə etməyə hazırlığı ifadə edən ictimai-siyasi və mənəvi prinsipdir. Vətənpərvərlik doğma yurdun nailiyyətləri ilə fəxr etməkdə, onun uğursuzluqları və bəlalarına görə kədərlənməkdə, onun tarixi keçmişinə hörmətdə, insanların yaddaşına, milli-mədəni adət-ənənələrinə qayğıkeş münasibətdə özünü göstərir.

Əvvəlcə doğma vətən hissi ilə əlaqəli hiss kimi yaranır və inkişaf edir, sonra isə insanın öz Vətəninin və xalqının rifahı naminə həyata keçirdiyi fəal ictimai fəaliyyətlərdə və hərəkətlərdə özünü göstərir. Şəxsiyyət vətənpərvərliyin əsas subyektidir. Onun ən mühüm mənəvi vəzifəsi Vətənə tarixi, mədəni, milli, mənəvi mənsubluğunu dərk etməkdir.
Bu şüur insan üçün həyatın mənasını və Vətənə xidmətlə dolu fəaliyyət strategiyasını müəyyən edən ali prinsipə çevrilir. Vətənpərvərlik müxtəlif formalarda özünü göstərə bilər, yəni dövlət, regional, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji, tarixi və s
.
Azərbaycan vətənpərvərliyinin dəyər əsasları arasında ənənəvi olaraq ailəni, insanları, təbiəti, vətəni, öz Vətəni ilə fəxr etməyi, humanizmi, mərhəməti, sülhsevərliyi, zəhmətkeşliyi, dilə, öz tarixinə, mədəniyyətinə və həmvətənlərə sevgini, yaddaş, azadlıq, mültikultiralizm, İslam, inanc, mənəviyyat, vəzifə, fədakarlıq, humanizm, dürüstlük və vicdanı aid etmək adətdir.

Məhz onlar vətənpərvərliyin təkcə coğrafi və geosiyasi deyil, həm də sivilizasiyanın mənəvi mənasında fundamental əhəmiyyətini ortaya qoyurlar. Azərbaycanlının vətənpərvərliyi qloballaşma prosesinə alternativdir. O, sosial-mədəni hadisə kimi milli, korporativ, sivilizasiya və beynəlmiləl arasında əlaqənin ziddiyyətli vəhdətini ifadə edir, millətçilik, separatizm və utilitar kosmopolitizmə yaddır.

Mənəvi dəyərlərə xeyir, şər, sevgi, ədalət, vəzifə, məsuliyyət, vicdan, həya və s. daxildir. Onların hamısının əxlaq dilində müxtəlif məqsədləri var və əxlaqın müxtəlif cəhətlərini təsbit edir. Deməli, xeyirxahlıq mənəviyyatın məzmununun dəyər-normativ tərəfinə, vicdan və həya isə şəxsiyyətin davranışını tənzimləyən mənəvi-psixoloji mexanizm və üsullara işarə edir. Mənəvi dəyərlər sistemində isə vətənpərvərlik xüsusi yer tutur.

Vətənpərvərlik hər vəziyyətə uyğun gələn hazır qaydalar toplusu deyil. Bir insanın müəyyən bir vəziyyətdə "vicdanla" hərəkət etməsini diktə edən bir şey var. Özünə sanksiya tətbiq etmək vicdandır. Amma yəqin ki, hər insanda bu mənəvi əsas yoxdur. Ona görə də, deyək ki, öz daxilində “gərəkdir” tələbi olmasa, qəhrəmanlıq baş verə bilməz. Odur ki, şəxsiyyətin sosial inkişafının, ictimai fəallığının ölçüsü nə qədər yüksəkdirsə, onun həyatında mənəvi dəyələrin və vətənpərvərliyin oynadığı rol bir o qədər böyükdür.

“Vətən üçün ölməyə hazır olmağınız vacibdir; amma daha da vacibi onun üçün həyatını yaşamağa hazır olmalısan” - Teodor Ruzvelt Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti.

• Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu t
tərəfindən mətbuat nümayəndələri arasında şəhid jurnalistlər
Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş
"Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsinə
təqdim edilir.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti