Polşa və Belarus sərhədində hasar tikintisi bitib

   Polşa və Belarus sərhədində hasar tikintisi bitib
  30 İyun 2022    Oxunub:1200
Polşanın qonşu Belarusla sərhədboyu hasarın tikintisini artıq başa çatdırıb.
Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib. Onun sözlərinə görə, hasarın mövcudluğu Afrika və Yaxın Şərqdə artan aclıq təhlükəsi şəraitində daha aktuallaşıb:

“Mən Avropa İttifaqının sammitində olarkən Cənubi Avropa ölkələrinin baş nazirləri aclıq dalğası ilə bağlı artan miqrasiya təzyiqini vurğuladılar. Biz görürük ki, təzyiqlər artır. Bu hasar Polşa sərhədini təhlükəsiz qorumaq üçün lazımdır”.

Qeyd edək ki, iki ölkə arasında hasar tikintisinə bu ilin yanvar ayında başlanıb. Gücləndirilmiş iş rejimində çalışan üç min nəfərlik heyət 5,5 metr hündürlüyündə hasarın əsas hissəsinin tikinti-quraşdırma işlərini başa çatdırıb.

Polşa və Belarus arasında sərhəd xəttinin ümumi uzunluğu 418 kilometrdir və onun 186 kilometrlik hissəsi quru sərhədidir. Sərhədin digər hissəsi isə Visla və Buq çayları vasitəsilə təbii baryerdən təşkil olunur. Polşa gücləndirilmiş sərhəd baryerləri vasitəsilə qonşu Belarusdan qanunsuz miqrasiyanın qarşısını mümkün qədər almağa çalışır. 2021-ci ildə Polşanın Sərhəd Xidməti iki ölkənin sərhədində 41 mindən çox qanunsuz miqrasiya cəhdləri qeydə alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti