Gənclər təşkilatının ekoloji düşərgəsi uğurla başa çatıb

Gənclər təşkilatının ekoloji düşərgəsi uğurla başa çatıb
  01 İyul 2022    Oxunub:1661
"Sağlam Düşüncə” Gənclər Təşkilatının "Sumqayıt məktəblilərinin Ekoloji Düşərgəsi – 4” adlı layihəsi uğurla başa çatıb.
İki mərhələdən ibarət olan layihədə Sumqayıt məktəblərində təhsil alan 56 şagird iştirak edib. Hər iki mərhələdə keçirilən təlim sessiyaları qeyri-formal təhsil metodlarına əsaslandığından məktəblilər əylənərək öyrənmə şansı əldə ediblər. Birinci mərhələdə məktəblilərə düşərgəyə hazırlıq üçün düşərgə həyatı ilə bağlı təlim və ekoloji təlim keçirilib və daha sonra isə onlar arasında ekoloji mövzuda intellektual yarış baş tutub.



İkinci mərhələsi isə 22-26 iyun tarixlərində İsmayıllıda düşərgə formatında keçirilən layihədə iştirakçılar bir sıra sessiyalarda iştirak edib ekoloji savadlılıq və onun məqsədləri, plastik tullantılar və növləri, dayanıqlı inkişaf məqsədləri, sağlam düşüncə, sağlam həyat tərzi və məktəblərdə mental sağlamlıq, ekoloji liderlik, həmyaşıddan həmyaşıda ekoloji maarifləndirmə metodları, bərk məişət tullantılarının azaldılması yolları kimi mövzular haqqında ətraflı öyrəniblər.



Eyni zamanda, şagirdlərə təşkilatın müəllifi olduğu EKOmiks layihəsi haqqında geniş məlumat verilib. Bundan başqa, düşərgədə şagirdlərə Fransanın Azərbaycandakı səfiri Zaxari Qros tərəfindən ekologiya ilə bağlı təqdimat keçirilib. Təqdimatdan sonra səfir şagirdlərin ekologiya və Fransada təhsil kimi suallarına cavab verib. Düşərgənin son günündə, şagirdlərlə ekoloji klublar şəbəkəsi ilə bağlı müzakirələr edilib və layihənin qiymətləndirilməsi aparılıb.



Əsas məqsədi ekoloji savadlılığını artırmaq və şagirdlərə yeni bilik və bacarıqlar qazanmağa imkan yaratmaq olan layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Fransanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyilə və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt nümayəndəliyi və Sumqayıt gənclər evinin təşkilati dəstəyilə həyata keçirilib.



AzVision.az


Teqlər:





Xəbər lenti