Makedoniyanın sabiq naziri: “Mədəniyyət” kanalı mühüm işlər görür”

      Makedoniyanın sabiq naziri:    “Mədəniyyət” kanalı mühüm işlər görür”
  01 İyul 2022    Oxunub:1779
Makedoniyanın sabiq naziri, Makedoniya Türk Hərəkat Partiyasının sədr müavini, Türk Ağsaqqalları Birliyi İdarə Heyətinin üzvü Elvin Hasan və Şimali Makedoniyanın siyasi quruluş və icmalararası əlaqələr nazirinin müavini Cabir Doko “Mədəniyyət” kanalının “Səhər çağı” verilişinin qonağı olublar.
AzVision.az xəbər verir ki, qonaqlar Azərbaycan haqqında müsbət fikirlər səsləndiriblər. Elvin Hasan Şimali Makedoniya-Azərbaycan əlaqələrinə mühüm əhəmiyyət verdiklərini, əməkdaşlıqların inkişafının vacibliyini qeyd edib:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Mədəniyyət TV-nin öz efirində Şimali Makedoniya-Azərbaycan əlaqələrinin inkişafına yer ayırması bizi sevindirdi. Bu kanalın qonağı olmaq bizim üçün olduqca önəmlidir. Kanal vasitəsilə soydaşlarımızın səsini eşitdirdik. Bizim birlik və bərabərliyimizlə birgə Şimali Makedoniya-Azərbaycan əlaqələrinin inkişafının önəmini dəyərləndirdik. Keçdiyimiz günlərdə Azərbaycandakı soydaşlarımızın Şimali Makedoniyaya yaxın ilgisi bizi sevindirdi. Proqram əsnasında təhsil, mədəniyyət, məşğulluğun və iqtisadi inkişafın vacibliyinə diqqət çəkərək əməkdaşlığın vacibliyini vurğuladıq”.

Sabiq nazir “Mədəniyyət” kanalı haqqında yüksək fikirdə olduğunu xüsusən qeyd edib: “Dostluq bağlarının güclənməsində və bu işlərin həyata keçirilməsində “Mədəniyyət” televiziyası mühüm yer tutur. Mədəniyyət böyük vasitədir. Belə bir kanalın fəaliyyət göstərməsi Azərbaycana böyük dostlar qazandırır. Bizi verilişə dəvət edən televiziya kollektivinə və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədova təşəkkür edirəm”.

Şimali Makedoniyanın siyasi quruluş və icmalararası əlaqələr nazirinin müavini Cabir Doko isə verilişdə qonaq olmaqdan məmnunluğunu bildirib:

“Mədəniyyət” kanalının bu mövzuya yer ayırması həm də Şimali Makedoniya-Azərbaycan əlaqələrinin inkişafına töhfədir. Hər iki ölkənin güclü müasir və Avropa dəyərləri istiqamətində irəliləmək hədəfi var. Mədəni, iqtisadi və ticari iş birliyinin inkişafı üçün böyük potensialı var. Əsas məqsədimiz bu dostluq bağlarını sistemli şəkildə genişləndirmək və yeni iş birliyi əməkdaşlığı yaratmaqdır. “Mədəniyyət” kanalında yayımlanan veriliş bu imkanların təqdim olunmasına xidmət etdi. Sevinirəm ki, Azərbaycanda belə kanal fəaliyyət göstərir”.


AzVision.az



Teqlər: Makedoniya  





Xəbər lenti