"Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər" - Akademik

   "Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər" -    Akademik
  05 İyul 2022    Oxunub:1098
"Bu günə kimi aparılan tədqiqatlar Xəzərin səviyyə tərəddüdlərində çox kəskin dəyişmələrin olduğunu göstərir. Bu tədqiqatlar 100 il əvvəl Xəzərin səviyyəsinin 2 metr yüksək olduğunu göstərir. XX əsrin 30-cu illərində səviyyə 1.5 m aşağı enib, 1978-1995-ci illər arasında 2.7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər".
AzVision.az xəbər verir ki, bunu AMEA-nın akademiki Fəxrəddin Qədirov deyib. Akademik bildirib ki, Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir:

"Coğrafi mövqeyinə və okeanlarla əlaqəsinin olmaması səbəbindən Xəzərin səviyyə rejimi onu bəsləyən çaylardan, yağıntılardan və buxarlanmadan-zamanla dəyişən dəniz su balansının əsas komponentlərindən çox asılıdır".

F.Qədirov bildirib ki, Xəzər regionu dünya iqtisadiyyatının diqqət mərkəzində olan, mühüm neft və qaz hasil va ixrac edən regiona çevrilib:

"Yeni enerji resurslarının sürətlə axtarış və istismarı eyni zamanda bir sıra geosiyasi proseslərin yaranmasına səbəb olub. İqtisadi cəhətdən mühüm əhəmiyyət daşıyan Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması aktual problem olaraq qalır. Xəzərdə neft və qazın intensiv kəşfiyyatı və hasilatı fonunda bir çox geo-ekoloji təhlükələrlə rastlaşırıq. Bunlar Xəzər dənizi səviyyə tərəddüdləri, dəniz dibinin deformasiyaları ilə bağlı geoloji təhlükələr və çirklənmə ilə bağlı ekoloji problemlərdir. Xəzərin ən zəngin bioloji ehtiyatlarının qorunub saxlanması da günümüzün aktual problemidir. Bunlar bir kontekstdə həllini gözləyən problemlərdir".

O qeyd edib ki, bütün bu problemlərin elmi həlli Xəzəryanı dövlətlərin birlikdə aparacağı tədqiqatlara bağlıdır.

AzVision.az



Teqlər:



Xəbər lenti