Mirşahin jurnalistlərə müraciət etdi

// “Özünə od vuranları manqal kimi yelləməyək!”

      Mirşahin jurnalistlərə müraciət etdi
  14 İyul 2022    Oxunub:3371
Tanınmış jurnalist, Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev jurnalistlərə müraciət edib. O, qazilərin problemlərini işıqlandırarkən media nümayəndələrini son dərəcə diqqətli olmağa səsləyib:
“Dostlar!
Hörmətli media nümayəndələri!

Xahiş edirəm Qazilərin problemləri ilə bağlı mövzularda son dərəcə ehtiyatlı olasınız! Xüsusilə indi. Emosianallığın dərəcəsinin çox yüksək olduğu günlərdə. Başlıqlarda, təqdimatlarda diqqətli olun. Sizin say və layk naminə seçdiyiniz başlıqlar qızğın həyəcan halında təhrikedici səciyyə daşıya bilər. Unutmayın ki, bu yolla bəzi qazilərin intiharçılığını Siz təşkil edirsiz!

Ona görə də suisid edəcəyini bildirən Qazinin çıxışının videosunu çəkmək, sonra da hələ bir ardınca düşərək yanğın aktını sona qədər izləmək, çəkilişi sosial şəbəkələrdə yerləşdirmək əvəzinə, Qazini fikrindən daşındırın. Bacarsanız yanğın törədilməsində istifadə oluna biləcək vasitələri əlindən zorla da olsa alın. Unutmayın: baş verə biləcək hər özünüqətldə siz də iştirak edirsiz!

İntihar mövzusu çox təhlükəlidir. Burada odla oynamaq olmaz! “Odlar Yurdu” ifadəsinin bizə qürur verən mənasına layiq olmağa çalışaq, özünə od vuranları manqal kimi yelləməyək! Dövlətin ən qiymətli Tarix Kitablarıdır Qazilərimiz! Kitablara od vurulmasına yol verməyək! Həlli mümkün olmayan problem yoxdur! Dözüm vaxtıdır! Ləyaqət və mərhəmət vaxtıdır! Hər şey sizin əlinizdədir: Alışqan belə!

Belə hadisələrdə sosial şəbəkələrdə - təfəkkürcə hazır və mənən layiq olmadığı sərbəstlik, azadlıq əldə etmiş avantürist boşboğazların, “youtube” kanallarında özünü tv sayaraq alova benzin tökənlərin rolu çox böyükdür. İntihar xəbərlərini paylaşmaqla daha böyük özünüqətl imkanları, müstəvisi yaradırlar.

Adamın çıxışını çəkirlər, sonadək - özünü yandırma anınadək izləyirlər!!! Son kadrlarını da yayırlar... Hanı Sabirabadda son kadrları çəkən şəxs? Niyə məsuliyyətdən kənarda qala bilib bu saatadək?!! Qazinin intihar həddinə çatmasında onun xüsusi rolu var axı! O, dialoqdakı müdaxilələri ilə Qazini daha da qızışdırır! Görünür axı kadrda!

Yalnız status deyil, şərh yazan şəxslərin də monitorinqi aparılmalı, kimin virtual, kimin real müəllif olduğu aydınlaşdırılmalıdır. Ən sərt və ən obyektiv şəkildə!!! Qazi özünə qaldırdığı əli dərhal saxlamalı, intiharının Dövlət üçün nə qədər ağır zərbə olacağını düşünməlidir. Media intihar xəbərlərini ictimailəşdirməməlidir. Belə məlumata malik olanlar dərhal müvafiq qurumlara müraciət etməlidirlər. Polisə, təcili yardıma, FHN-ə. Amma heç bir halda mediaya, sosial şəbəkələrə yox! Belə xəbərlər bir qayda olaraq yoluxucu səciyyə daşıyır!

Məgər görünmürmü ki, Qazi-Vətən qarşıdurması yaradılır?
Hüquq-mühafizə orqanları, Sizə inanıram!”


AzVision.az



Teqlər:



Xəbər lenti