Ukraynadan taxıl ixracına dair razılaşmanın təfərrütları

   Ukraynadan taxıl ixracına dair    razılaşmanın təfərrütları
  14 İyul 2022    Oxunub:1168
İstanbulda keçirilən “taxıl dəhlizi” üzrə dördtərəfli görüşdə tərəflərin əldə etdiyi razılaşmalara əsasən, Ukraynadan taxıl ixracı atəşkəs rejiminə uyğun olaraq, Ukrayna limanlarında minalardan təmizləmə işləri aparılacaq.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal məlumat yayıb. Mənbələrin məlumatına görə, taxıl Ukrayna gəmilərinin müşayiəti ilə karvanlarda üç Ukrayna limanından daşınacaq. Ehtimal edilir ki, gəmiləri marşrutlarının coğrafi sərhədləri daxilində qorumaq üçün atəşkəs tətbiq olunacaq.

Ukraynaya yüksüz gələn gəmiləri silah qaçaqmalçılığı ilə bağlı Rusiyanın narahatlığını aradan qaldırmaq üçün Türkiyə donanması yoxlayacaq.

Qəzet qeyd edir ki, tərəflərin nizamlanmasının bir neçə texniki məsələsi, xüsusən də minalardan təmizləmə məsələsi hələ də işlənməlidir. Razılaşma gələn həftə Rusiya lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş zamanı imzalana bilər.

Xatırladaq ki, mətbuata bağlı qapılar arxasında keçirilən danışıqlarda Rusiya Federasiyası, Türkiyə, Ukrayna hərbi nümayəndə heyətləri və BMT nümayəndələri iştirak ediblər. BMT-nin baş katibi Antonio Quterreşin sözlərinə görə, İstanbulda Ukraynadan Qara dəniz vasitəsilə ərzaq məhsullarının təhlükəsiz və etibarlı ixracının təmin edilməsi istiqamətində mühüm addım atılıb.

Türkiyə müdafiə naziri Hulusi Akar bu məsələ ilə bağlı yekun sənədin gələn həftə imzalanmasının planlaşdırıldığını bildirib. Danışıqların iştirakçıları, Türkiyə Müdafiə Nazirliyində qeyd olunduğu kimi, İstanbulda koordinasiya mərkəzinin yaradılması, həmçinin limanlardan çıxışlarda və gəmilərin marşrutlarında birgə nəzarətin təmin edilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin taxılla bağlı növbəti görüşü iyulun 20-21-də keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna   Taxıl   Türkiyə  



Xəbər lenti