"MİQ imtahanında testi yazan sualları kənara çıxardıb" - Kamran Əsədov

   "MİQ imtahanında testi yazan sualları kənara çıxardıb" -    Kamran Əsədov
  16 İyul 2022    Oxunub:1888
"Müəllimlərin işə qəbulu imtahanında təqdim edilən test tapşırıqlarının məzmunu ilə bağlı mütəmadi problemlər ortaya çıxır. Məsələn, 2019-cu ildə keçirilən imtahanda 26 test tapşırığı ümumiyyətlə elmi və texniki olaraq səhv idi. 2021-ci ildə keçirilən imtahanlarının məzmunda qüsurlara görə bir neçə fənn üzrə imtahanlar təkrar keçirildi".
Bunu AzVision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu il imtahanların məzmununda, test tapşırıqlarının strukturunda ciddi irəliləyişlərə nail olunub:

"Lakin sosial şəbəkələrdə imtahanların öncədən verilməsi faktı ortaya qoyulub. İmtahan suallarının əvvəlki vaxtlarda işlədildiyi öz əksini tapır. Bunun olmasına səbəb Təhsil Nazirliyinin bunker, tam test bank sisteminin olmamasıdır. MİQ imtahanı üçün sifariş verilən şəxs öz reytinqini qaldırmaq, reklamını artırıb, daha çox müdavim götürmək üçün suallarını iştirakçılara verir.

Azərbaycanda təhlükəsiz testologiya sisteminə malik yalnız Dövlət İmtahan Mərkəzidir. DİM hər il onlarla imtahan keçirir və belə fakt ola bilməz ki, müəlliflərin yazdıqları suallar öncədən işlədilsin və ya kənara sızsın.

Bu fakt müəyyən sosial şəbəkələrdə qruplarda paylaşılır. Hətta Təhsil Nazirliyi sualları paylaşanda görürük ki, bir neçə sual öncədən paylaşılan suallar içərisindədir. Bunlardan biri də "Riyaziyyat" fənni ilə bağlıdır. Bu da göstərir ki, "Riyaziyyat" fənnindən testi yazan və ya ekspertiza edən müəllif sualları kənara çıxardıb, kimlərəsə verib. Bu, ciddi şəkildə qanun pozuntusudur".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti