“Ermənistan İlham Əliyevin xəbərdarlığından düzgün nəticə çıxarmalıdır” – Azay Quliyev
“Cənab Prezidentin müşavirədə daha çox diqqət ayırdığı məsələ cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində Ermənistanın məcburən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı idi. Dövlət Başçısı haqlı olaraq bildirdi ki, iqtisadi və kommunikasiya xəttlərinin açılması üzrə işçi qrupunun yaradılmasına baxmayaraq, Ermənistan bu günə qədər nə Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını, nə də avtomobil yolunun marşrutunu təqdim etməyib”,- deputat yazır.
Azay Quliyevin sözlərinə görə, ciddi narahat doğuran məqamlardan biri də budur ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı Bəyannamənin 4-cü bəndinə əməl etməyib, yəni, sülhməramlıların yerləşdiyi ərazidən qanunsuz silahlı birləşmələrini hələ də çıxartmayıb.
- Cənab Prezident müşavirədə bu məsələyə xüsusi toxunaraq Ermənistana xəbərdarlıq etdi: “10 noyabr Bəyannaməsi ilə müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb və bu öhdəliklərə görə erməni silahlı qüvvələrini Qarabağdan çıxartmalıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə bu məsələni qaldırmşıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”.
Düşünürəm ki, burada əlavə şərhə ehtiyac yoxdu. Hər şey dəqiqliklə və qətiyyətlə deyilib. Ancaq bir məsələni vurğulamaq lazımdır ki, Ermənistan və onun havadarları bu xəbərdarlıqdan düzgün nəticə çıxartmalıdır. Çünki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı indiyə kimi nəyi deyibsə, onu da edib. Bu xəbərdarlıq düzgün oxunmalıdır!,- Millət vəkili bildirib.
Teqlər: Prezident







Vaxtında, Aydın, Lazımlı!


