“AzInTelecom”un xalis mənfəəti 3 dəfə artıb

“AzInTelecom”un xalis mənfəəti 3 dəfə artıb
  20 İyul 2022    Oxunub:955
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 2021-ci ili 213,649 milyon manat xalis mənfəətlə başa vurub.
AzVision.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3 dəfə çoxdur.

2021-ci ildə “AzInTelecom”un göstərdiyi xidmətlərdən gəlirləri 509,062 milyon manat (2020-cu ilə nisbətən 6,8 % çox), xidmətlərinin maya dəyəri 266,015 milyon manat (1,9 % çox), ümumi və inzibati xərcləri 109,112 milyon manat (3,4 % çox), debitor borclar üzrə qənaəti 0,573 milyon manat (əvvəlki il ayırma olub), maliyyə gəlirləri 2,942 milyon manat (2,3% çox), maliyyə xərcləri 23,943 milyon manat (23,5 % az), xarici valyutaların mübadiləsindən gəlirləri 114,913 milyon manat (3,2 dəfə çox), digər gəlirləri 0,219 milyon manat (6,8 dəfə az), digər xərcləri 1,046 milyon manat (40,9 % az), debitor borcunun ilkin tanınması zamanı zərəri 2,87 milyon manat (əvvəlki il olmayıb), vergidən azadolma üzrə gəlirləri 1,054 milyon manat (13,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 12,127 milyon manat (4,8 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “AzInTelecom”un aktivləri 1 326,897 milyon manat olub ki, bu da illik müqayisədə 4,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 16,1 % azalaraq 392,244 milyon manata düşüb, balans kapitalı isə 16,8 % artaraq 934,653 milyon manata çatıb.

Xatırladaq ki, "AzInTelecom" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 min manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir.

“AzInTelecom” “Azercell Telecom” MMC-nin əsas təsisçisidir.

AzVision.az


Teqlər:





Xəbər lenti