Gələn il Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

   Gələn il Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək
  21 İyul 2022    Oxunub:403
Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı ilə Birinci Beynəlxalq ICESCO Peyk Modeli (CanSat) Təlimi və Aerokosmos Simpoziumu keçirilir.
18-22 iyul tarixlərində keçirilən simpoziumda Azərbaycanı Bakı Dövlət Universiteti (BDU) təmsil edir. BDU bu beynəlxalq tədbirin həmtəşkilatçılarından biridir: https://icesco-accelerator.org/cansat/.

Tədbirin məqsədi İslam dünyasında davamlı inkişaf üçün kosmik proqramların həyata keçirilməsi və kosmik texnologiyanın təhsil, elm və innovasiyada tətbiqi istiqamətlərində əməkdaşlığın gücləndirilməsi, dövlət, akademik və sənaye təşkilatlarındakı əsas maraqlı tərəflər, eləcə də ayrı-ayrı alimlər, mütəxəssislər, peşəkarlar, liderlər və sahibkarlar arasında geniş formatda müzakirələrin aparılması və kadr hazırlığı üzrə birgə beynəlxalq səylərin davam etdirilməsidir.
İyulun 18-də iclas çərçivəsində “Qlobal tərəfdaşlarla kosmik innovasiyaların inkişafı” adlı sessiyada BDU-nun rektoru Elçin Babayev də məruzə edib.

Rektor Elçin Babayev çıxışında bildirib ki, dünyanın kosmik sənaye sahəsindəki nailiyyətləri Azərbaycanda bu elmin və sənayenin inkişafına böyük təkan verib. Son illər Azərbaycanda kosmik tədqiqatların və kosmik sənayenin inkişafına, müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir və bu istiqamətdə kadr hazırlığı önəmli rol oynayır. Rektor Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində digər sahələrlə yanaşı, kosmik sənaye sahəsində bundan sonra da daha çox uğurlara imza atılacağına, doğma Azərbaycanımızın adının ən qabaqcıl kosmik ölkələr sırasında olacağına əminliyini bildirib. Təsadüfi deyil ki, Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Rektor BDU-da elmin əsas prioritet istiqamətləri, o cümlədən astrofizika və kosmos elmlərinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində Aerokosmik və Atmosfer Tədqiqatları Elmi-Tədqiqat Laboratoriyası yaradılıb. BDU-da yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində də astronomiya və kosmos elmləri istiqamətləri üzrə dərnək fəaliyyət göstərir.
2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində Bakıda BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və BDU tərəfindən “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” adlı BMT/Azərbaycan beynəlxalq tədbirinin (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) keçiriləcəyinə diqqət çəkən Elçin Babayev bildirib ki, bu yüksək səviyyəli tədbirə Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) də dəstək verəcək. Beynəlxalq Kosmik Hava Təşəbbüsü (The International Space Weather Initiative - ISWI) kosmik hava məlumatlarının əldə edilməsində zəruri sayılan cihazların quraşdırılmasına, həmin məlumatların təhlilinə və alınan nəticələrin digər rəqəmsal elmi məlumatlarla əlaqələndirilməklə analizinə xidmət edən beynəlxalq əməkdaşlıq proqramıdır. Bu proqram çərçivəsində Bakıda keçiriləcək tədbir Azərbaycanda adıçəkilən sahənin inkişafı üçün geniş imkanlar açacaq, kosmik tədqiqatların və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə zəmin yaradacaq. 5 gün davam edəcək beynəlxalq elmi tədbirin əsas məqsədləri inkişaf etməkdə olan ölkələrdə müvafiq elmi cihazların quraşdırılması və kosmik hava məlumatlarının emalı işlərini davam etdirməklə yanaşı, xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetirmək, eyni zamanda beynəlxalq koordinasiya və əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdan ibarətdir. Tədbirdəki müzakirələr həmçinin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi” və onun Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üçün müəyyən edilmiş hədəfləri ilə əlaqələndiriləcək, əldə olunan nəticə və tövsiyələr isə Birləşmiş Millətlər Təşkilatının Kosmosdan Dinc Məqsədlə İstifadə Komitəsinin (COPUOS) hesabatı çərçivəsində BMT-nin Baş Assambleyasına təqdim olunacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti