Arif Həşimovdan AzTV-nin süjeti ilə bağlı açqlama: “Mən tapşırmışam”

   Arif Həşimovdan AzTV-nin süjeti ilə bağlı açqlama:    “Mən tapşırmışam”
  26 İyul 2022    Oxunub:2572
AMEA-nın prezidenti vəzifələrini rica edən Arif Həşimov AzTV-nin akademiya barədə tənqidi süjetinin qurumun rəsmi saytında yerləşdirilməsi məsələsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, A.Həşimov Manset.az-a açıqlamasında qeyd edib ki, bu, onun tapşırığı ilə edilib: “AzTV-nin AMEA haqqında verdiyi süjet mənim tapşırığımla akademiyanın saytına qoyulub. Biz akademiya olaraq tənqidə hazırıq. Hesab edirəm ki, hər kəs tənqidə açıq olmalıdır. Süjetdə haqlı tərəflər də var, haqsız tərəflər də.

Hazırda yay vaxtı olduğu üçün bir çox əməkdaşlarımız məzuniyyətdədirlər. Digər tərəfdən, yaradıcı insanlara saat rejimi qoymaq olmaz. Mən özüm və digər institut direktorları saat 8-9 qədər AMEA-da oluruq. Belə yanaşma düzgün deyil. Bəlkə, özündənrazılıq kimi qiymətləndirilə bilər, ancaq mənə kimsə AMEA-nın nə daxili, nə xarici işini, ümumən iş prinsiplərini öyrədə bilməz. Bundan əvvəlki AMEA prezidentlərinin zamanında bütün bu işləri mən görmüşəm”.

A.Həşimov yaşlı alimlərin gənclərə dəstək olmaması barədə fikirlərə də münasibət bildirib:

“Yaşlı alimlərimizin, xüsusən akademiklərin gənc nəslə dəstəyinə gəlincə, diqqətlə baxsaq, görərik ki, hər birinin nə qədər fəlsəfə doktorlarının, elmlər namizədinin yetişməsində, dərəcə almasında rolu olub. Mənim özümün 25-ə yaxın elmlər namizədinə dəstəyim var. 2002-ci ildə Fizika İnstitutunun direktoru olanda 200-ə yaxın gənci işə götürmüşəm. Tənqidi qəbul etmək və nəticə çıxarmaq lazımdır”.

Qeyd edək ki, AzTV-nin AMEA haqqında hazırladığı tənqidi süjetin akademiyanın saytında və səhifəsində yerləşdirilməsi müzakirələrə səbəb olub.

AzVision.az



Teqlər:





Xəbər lenti