İranın dronuna möhtac Rusiya – TƏHLİL

// İkinci qlobal güc İran ilə Türkiyənin ümidinə qalıb

   İranın dronuna möhtac Rusiya –    TƏHLİL
  28 İyul 2022    Oxunub:5626
Bir qədər əvvəl “New York Times” nəşrinin ABŞ kəşfiyyatının hesabatına istinadən verdiyi xəbərlərdə Rusiyanın Ukrayna müharibəsində ortaya çıxan strateji boşluğu doldurmaq məqsədilə 300-ə yaxın pilotsuz uçuş aparatı almaq üçün İrana müraciət etdiyi bildirilirdi. ABŞ hökumətinin təqdim etdiyi peyk görüntülərindən Rusiya rəsmiləri və PUA mütəxəssislərinin silah daşıya bilən “Şahed-191” və “Şahed-129” PUA-larını sınaqdan keçirmək üçün iyunun 8-də və iyulun 5-də İranın mərkəzi aerodromuna səfər etdikləri məlum oldu.
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “Washington Post” qəzetinə verdiyi müsahibə bildirdi ki, onların əldə etdiyi məlumata görə, İran hökuməti tezliklə Rusiyaya bir neçə yüzə qədər PUA, o cümlədən, zərbə PUA-ları verməyə hazırlaşır və tezliklə Rusiya operatorları üçün təlimlər başlayacaq.

Dünən isə “censor.net” saytı hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədlərinə çatdırılması və bu yükün əsasən “Şahed 129” ağır zərbə pilotsuz pilotsuz uçuş aparatlarından ibarət olması barədə məlumat verdi. Xəbərlərin ardıcıllığı və təqdim edilən peyk görüntüləri İranın Rusiyaya PUA ixracına dair əvvəl mövcud olan azsaylı şübhələri tam aradan qaldırdı.


Ardınca isə Rusiyanın “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı sahəsində Türkiyə ilə əməkdaşlıq etmək niyyəti barədə məlumatlar yayıldı. “CNN Turk” kanalına açıqlamasında Türkiyə Prezidenti R.T.Ərdoğanın “Putin mənə dedi ki, “Baykar” şirkətilə işləmək istəyir” söyləməsi bir qədər sensasiyalı olsa da, şəxsən mən təəccüblənmədim. Kreml rəhbərindən gələn bu təklif eyni zamanda Rusiyanın Ukraynada verdiyi itkilərin miqyasını da təsəvvür etməyə imkan verir.

Dünya ölkələrinin şübhə ilə yanaşdığım reytinqinə görə planetdə ikinci yer tutan Rusiyanın İran və Türkiyə PUA-larına maraq göstərməsinin əsas səbəbinin rus generallarının 2008-ci ilə qədər PUA-ların imkanlarını lazımınca dəyərləndirməməsi olduğuna şübhə yoxdur. Enerjidaşıyıcılarından böyük gəlirlər əldə edən və aviasiya vasitələri istehsalında SSRİ-dən qalma böyük potensiala malik olan Rusiyanın kosmosa peyklər göndərməsi, qitələrarası ballistik raketlər istehsal etməsi fonunda yerli PUA istehsalını təşkil edə bilməməsi, özündən azı 10 dəfə kiçik döyüş potensialına malik Ukraynanın qarşısında geri çəkilməmək üçün İran və Türkiyədən imdad diləməsi doğrudan da, ictimaiyyətdə təəccüb doğurur. Bütün bunlar rus generallarının müasir texnologiyaları düzgün dəyərləndirməməsi və yerli müdafiə sənayesinin yanlış istiqamətlərə yönləndirilməsi nəticəsində baş verib.


Rusiya təbliğat maşınının yerli generallara istinadən davamlı olaraq digər ölkələrin istehsal etdiyi silah sistemlərini tam araşdırmadan zəif, bəzən isə yararsız kimi dəyərləndirməsi, pilotlu aviasiyanı daim pilotsuz vasitələrdən üstün sayması sonunda ölkəni PUA idxalından asılı vəziyyətə salıb. İran PUA-ları kifayət qədər geniş çeşiddə istehsal edilsə də, müdafiə sənayesi inkişaf etmiş digər ölkələrin məhsullarının plagiat versiyası hesab edilir. Ən azından İran hələlik PUA sahəsində Türkiyədən bir çox istiqamətlərdə, xüsusilə də stels texnologiyada və idarəolunan PUA sursatlarının istehsalında xeyli geri qalır.

Rusiyanın Türkiyə PUA-larına dövlət rəhbəri səviyyəsində marağı isə bir daha türk mühəndislərin dünya miqyasında əldə etdikləri nailiyyətlərin göstəricisidir. “Baykar” şirkətinin Rusiyaya PUA-lar tədarük edəcəyi də real görünmür. Ümumiyyətlə, türk silahlı PUA-larından bu gün Azərbaycan, Pakistan, Qətər, Ukrayna, Liviya, Türkmənistan, Fas, Qırğızıstan, Nigeriya, Efiyopya, Tacikistan və Cibuti artıq istifadə edir. Durmadan artan sifarişçilərin siyahısına isə Böyük Britaniya, Polşa, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Macarıstan, Latviya, Litva, Bosniya-Hersoqovina, Albaniya, Salvador, Serbiya, Slovakya, Ekvador, Uruguay daxildir. NATO ölkələri də daxil olmaqla növbədə gözləyən sifarişçilərin sırasına 2-ci böyük qlobal gücün əlavə olunması Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin payızında keçirilən Naxçıvan sammitində “XXI əsr türk əsri olacaq” bəyanatını birmənalı şəkildə təsdiqləyir. 13 il əvvəl səsləndirilən bu bəyanat hazırda dünyada gedən siyasi-hərbi proseslərinin əsas istiqamətini əks etdirir.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: PUA   Rusiya  





Xəbər lenti