Nəyi dəyişərdin? I Vahid Əziz: `Daha çox oxuyardım...`

Nəyi dəyişərdin? I Vahid Əziz: `Daha çox oxuyardım...`
  29 Aprel 2014    Oxunub:1429
İnsan daim həyatında nələrisə dəyişir. Kimi xasiyyətini, evini, iş yerini, kimi həyat yoldaşını, kimi də bütünlüklə həyatını dəyişir.
Amma heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişmək imkanımız olmur.

İllər ötdükcə isə edə bilmədiklərimiz “kaş ki”lərə çevrilir. “İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı”... kimi ifadələrin bəzən sayı-hesabı olmur.

AzVision.az-ın “Nəyi dəyişərdin?” rubrikasının budəfəki həmsöhbəti şair, tərcüməçi Vahid Əzizdir. Yazar keçmişə qayıtmaq şansı olarsa, həyatında nəyi dəyişmək istədiyindən danışıb.

`Etibarsız insanlarla dostluq etməzdim`

- Geriyə qayıtmaq şansım olsa idi, çox oxuyardım. Bəzən nəvələrim dərs oxuyanda elə şeylərə rast gəlirəm ki, özümə sual verirəm, mən bunları niyə bilmirəm?! Vaxtında bəlkə getməmişəm, oxumamışam, institutda oxuyanda fikir verməmişəm və s.

Mən nə geyimi, yazıçılığı, nə ixtisası, nə də vəzifəni fikirləşmirəm. İki məqamı nəzərdə tuturam - birinci etibrarsız adamlarla dostluq etməzdim. O da məndən asılı deyil, adam bilmir dostdur, yoxsa dost deyil. İkincisi isə, istər müəllimlərimin dediyi dərsləri, istər o vaxt özüm tapdığım kitabları diqqətlə oxuyardım. Çünki həyatda ən pis şey nəyisə bilməməkdir. Düzdür, hər şeyi bilmək olmaz, Füzuli demiş, bildikcə elə bilirik hər şeyi bilirik , amma sonra görürük ki, heç nə bilmirik. Amma yenə də xeyli kitab oxuyardım. Elmin bütün sahələrinə baş vurardım. Çünki bu gün uşaqlar qarşısında aciz qalmazdım.

Həyat mərhələlərimdə başqa nəyisə dəyişmək istədiyim yadıma gəlmir. Çünki həyatım hər halda, mənalı keçib.

İkinci də, həyat tanrı qismətidir. O, əvvəlcədən planlaşdırılıb. Artıq dünyaya gələndə alınmıza yazılır ki, bu həyatı yaşamalı, keşməkeşli yollardan keçməliyik. Əgər siz bu gün mənə zəng edirsinizsə, bu, çoxdan planlaşdırlıb. Biz həyatı seçmirik, həyat özü bizi seçir.

`Arpaçayın suyundan içib, balığından yeyərdim`

- Etmək istədiklərimdən biri də Qərbi Azərbaycanın Dərələyəz mahalındakı qaynar bulaqlardan yenidən su içməkdir. Arpaçayın suyunu içib, balığını yeyərdim. Herher kəndimizdə bir ev tikdirib, yenidən orada yaşayardım. Anamın, atamın yanından əl çəkməzdim. Babamın, nənələrimin danışdığı nağıllara diqqətlə qulaq asardım. Həyətimizdəki almadan doyunca dadardım. Babamın bir neçə uzunqulağı var idi. Onların belində bütün kəndi gəzərdim.

`Neft mədənində akkumulyator təmirçisi işlədim`

Tələbəlik, gənclik illərimdən xüsusi narazılığım yoxdur. Düzdür, çətinliyim də olub. Atamı 16 yaşımda itirdim. Orta məktəbi bitirəndən sonra bir il oxumadım, Əli-Bayramlıdakı neft mədənində akumulyator təmirçisi işlədim. Sonra Politexnik İnstitutuna girdim. Oranı bitirər-bitirməz oldum "Xəbər Mətbuat Agentliyi"ndə müxbir, Bakı Şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı, Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri, Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini vəzifələrində işlədim. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin katibi də olmuşam.

`Hər bir yaşda gözəllik var deyənlər
Qocalıqdan xəbərsizdir deyəsən`


- Bütün yaş dövrləri gözəldir. Amma mən bilən, ən gözəl yaş dövrü insanın ana qucağında olduğu vaxtdır. Dünyadan xəbərin yox, hamı sənin başına fırlanır, sən də öz kefində olursan. Həyatın bəlkə də ən gözəl vaxtları elə o vaxtlardır.

İnsan başa düşməlidir ki, insan cildində, insan şəklində dünyaya gəlməyin özü artıq ali irqə məxsus olmaqdır. İnsanlar dərk etsələr ki, onlar həqiqətən bir insan olmaq etibarilə dünyanın hökmdarıdırlar, nə pislik , nə yamanlıq, nə müharibə olar. Bunu, təəssüf ki, biz hələ dərk edə bilmirik”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti