XXI əsrin selektiv bədəviləri

      XXI əsrin selektiv bədəviləri
  01 Avqust 2022    Oxunub:4463
Vüsal Məmmədov
AzVision.az saytının baş redaktoru

Qədimdə bəzi yarımvəhşi qəbilələr doğulan uşağın qız olduğunu görəndə öldürürdülər. Çünki uşağın cinsini ana bətnində müəyyən edən texnologiya hələ olmadığından, onun qız olduğuna yəqinlik hasil etmək üçün mütləq doğulmasını gözləmək lazım idi. Xoşbəxtlikdən, biz texnologiya əsrində yaşayırıq. Uşağın cinsini bilmək üçün doğulmasını gözləməyə ehtiyac qalmayıb. Elə ana bətnindəcə öyrənib, 4-5 ay qabağa düşürük.
Doğrudan da, texnologiya insanın işini xeyli yüngülləşdirirmiş. Texnologiya olmasaydı, bizim yarımvəhşi qəbilələrdən, məsələn, bədəvi ərəblərdən nə fərqimiz olardı ki?! İndi biz də onlar kimi qız uşaqlarını öldürmək üçün əvvəlcə doğulmasını gözləməli idik.

İslam dini bədəvilərə yeni doğulan qızları öldürməyi qadağan etdi, amma doğulmadan anasının qarnında öldürməyi yox. Çünki Allahın ağlına gəlməmişdi ki, günlərin birində bədəvilər uşağın cinsini anasının qarnındaca müəyyən edib, dünyaya gəlməmiş ondan can qurtaracaqlar. Bu, ancaq Şeytanın ağlına gələrdi. Boşuna demirlər ki, “texnologiya şeytan işidir...”
Azərbaycan selektiv abortlara görə dünyada birinci yerdədir

Ultrasəs müayinəsi daxili orqanların vəziyyətini müəyyən etməklə həyat qurtara bilər, amma uşağın cinsini öncədən göstərməklə də həyat qurtarır – bu dəfə başlamamış. Ona görə də, bədəvilərə uşağın cinsinin əvvəlcədən deyilməsini qadağan etmək lazımdır. Bədəvi nə qanır USM nədir?! Ona bir dəvə verin, qum fırtınası qalxanda başını soxsun altına. Siz ona ultrasəs texnologiyası verəndə o da uşağın cinsini öyrənib, abort etdirəcək. Çünki bu iki dünyanın – bədəvi təfəkkürünün və ultrasəs texnologiyasının olduğu aləmlərin arasında 14 əsr fərq var.

Adının şərti məsələn, Kamil olub, özünün şərti məsələn, “Prius” sürməsilə bədəvinin təfəkkürü dəyişmir. Onun alt şüuruna barmaq edən genetik yaddaşı deyir ki, sənin qız övladın olsa, qonşu qəbilə basqın zamanı onu qaçırdıb, cariyə edəcək. Lap tutaq ki, qaçırmadı; yaxşı, onu ərə vermək üçün cehizi haradan düzəldəcəksən?! Ondansa oğlan yaxşıdır – sülənəcək özü üçün, vaxtı çatanda da uzağı birini qaçırıb gətirəcək...

Amma bədəvinin düşüncəsi burada bir detalın üstündən hoppanıb keçir: Necə və haradan qaçırıb gətirəcək? Axı qonşu qəbilələrdə yaşayan başqa bədəvilərin də “UZİ” adlanan şeytan işindən xəbəri var və onlar da qız uşaqlarını ana bətnindəcə məhv edirlər. Beləcə, bədəvinin tərifli oğlu evlənmək yaşı keçəndə sol əlinə güc verməli olacaq, çünki sağ əllə o işi öhö-öhö... şeytan görür!

Hara fırlatsaq da, 14 əsr böyük fərqdir. 50 il əvvəl bu bədəvilərin nənə-babaları ürəklərində niyyət tutub, zahı qadına iş buyurur və onun yerindən qalxanda öncə hansı ayağını atmasına əsasən uşağın cinsi haqda proqnoz verirdilər: “Sol ayağını atdısa, deməli, qızdır”. Gül kimi adətlər idi! İndi bu adamların əlinə birdən-birə uşağın cinsi haqda əşyayi-dəlili ekranda göstərən texnologiya verilib. Amma şüur o yolu keçməyib axı. Şüur hələ də qız uşağını yük kimi görmək əsrindədir. Sanki özləri təyyarə ilə texnoloji gələcəyə uçublar, ictimai düşüncə, təfəkkür isə daldan dəvə belində ləngər vura-vura gəlir. Alın bu adamların əlindən o texnologiyanı, nə zaman ictimai təfəkkürləri gəlib olduqları dünyanın reallıqlarına yetişsə, onda verərsiniz!


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.18:
Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması



Teqlər: Selektiv-abort  





Xəbər lenti