Şarl Mişel İlham Əliyevə zəng edib

   Şarl Mişel İlham Əliyevə zəng edib
  05 Avqust 2022    Oxunub:1262
Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AzVision.az xəbər verir ki, telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub. Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlətimizin başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb. Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlətimizin başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır.

Dövlətimizin başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.

Telefon söhbəti zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər barədə müzakirələr aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti