Səlim Müslümovun məhkəməsi keçirilib

Səlim Müslümovun məhkəməsi keçirilib
  08 Avqust 2022    Oxunub:1094
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AzVision.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq ittiham olunan şəxsin məhkəməyə verilməsi ilə bağlı ilkin dinləmələr keçirilib.

İş üzrə dövlət ittihamçısı ittiham olunan şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişilməsi ilə bağlı əsaslar mövcud olmadığını bildirib.

Səlim Müslümovun vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş edib.

Vəkillər vəsatəti iş materiallarındakı peşə və konversiya sirlərinin olması ilə əsaslandırıblar. Səlim Müslümov vəsatəti müdafiə edib.

Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra iş materiallarında peşə sirrinə xələl gətirən hər hansı məlumatların olmadığı qənaətinə gələrək iclasın qapalı keçirilməsi ilə bağlı vəsatətin təmin olunmadığını elan ediblər.

Qərara əsasən Səlim Müslümov verilmiş maddələrlə təqsirləndirilərək məhkəməyə verilib.

Baxış iclası avqustun 10-a təyin olunub.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb

AzVision.az



Teqlər:





Xəbər lenti