Zaqatalada qəzalı vəziyyətdə olan məktəb - VİDEO

   Zaqatalada qəzalı vəziyyətdə olan məktəb -    VİDEO
  12 Avqust 2022    Oxunub:1325
Zaqatala rayonunun Kəpənəkçi kəndində şəhid Sərdar Kərimov adına tam orta məktəbin qəzalı vəziyyətdə olduğunu əks etdirən görüntülər yayılıb.

AzVision.az xəbər verir ki, bu barədə jurnalist Jalə Həsənli sosial şəbəkədə paylaşım edib.
"Əldə etdiyim məlumata əsasən, məktəbdə 166 şagird təhsil alır. Daha doğrusu, ala bilmir. İsti havalarda ilanın qorxusundan, qışda isə qar-çovğunun əlindən uşaqlar dərsə gedə bilmirlər. Sinif otaqlarının döşəməsi, videodan da gördüyünüz kimi, çökmək üzrədir. Yerli sakinlərin sözlərinə görə, isti havalarda dəhlizdəki böyük çatlardan və idman zalındakı torpaq döşəmədən ilanlar çıxır. Dəhlizdə və bəzi sinif otaqlarında pəncərələr yoxdur. Yağan yağış da, qar da məktəbin içinə yağır. Məktəbin əsaslı təmir olunması ilə bağlı dəfələrlə müraciət edilsə də “Baxılacaq!” deyib, günü günə satıblar. Kənddə cəmi bir məktəb var. Kəpənəkçi kənd məktəbinin şagirdləri də digər şagirdlər kimi, yaxşı şəraiti olan məktəbdə təhsil almaq, məktəbə sevə-sevə getmək istəyirlər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, cənab Emin Amrullayev, diqqətinizi bu məktəbə cəlb etmək istəyirəm. Bilirsiniz ki, savadlı gənclərin yetişməsi üçün təhsil ocağının güclü olması çox vacibdir. İnanıram ki bu təhsil ocağının yenidən qurulması, şagirdlərin daha rahat şəraitdə keyfiyyətli təhsil alması üçün lazımi köməkliyi göstərəcəksiniz".



AzVision.az


Teqlər:





Xəbər lenti