Qarabağdakılar tezliklə Azərbaycan vətəndaşlığına hazırlaşmalıdırlar

   Qarabağdakılar tezliklə Azərbaycan vətəndaşlığına hazırlaşmalıdırlar
  13 Avqust 2022    Oxunub:1338
Prezident İlham Əliyevin dünən AzTV-yə verdiyi intervüdə avqustun 3-dəki "Qisas" əməliyyatından tutmuş soydaşlarımızın tezliklə Laçın, Zabux və Susa köçürüləcəklərinədək çox önəmli məqamlar vardı.
Həmən intervüdə səslənən fikirlərin arasında sosial şəbəkədə ən çox paylaşılan yenə də Qarabağın Rusiyaya hərbi kontingentinin müvəqqəti kontrolu altında olan hissəsində yaşayanlara heç bir statusun verilməyəcəyi, onların da digər Azərbaycan vətəndaşlarının yaşadıqları şərtlər çərçivəsində yaşayacaqları haqdadır. Aydındır, məhz bu açıqlama niyə daha çox paylaşılır. Ancaq cənab Prezident elə savaş bitən gündən bunu deyib və onu yaxşı tanıyan hər kəs də bilir ki, bu məsələdə hər hansı güzəşt, yaxud geri çəkilmə mümkün deyil.

Çünki bu həmən İlham Əliyevdir ki, Azərbaycanın indikindən xeyli zəif, geosiyasi vəziyyətin isə daha çox hayların maraqlarına uyğun olduğu vaxtlarda, yəni elə Prezidentliyinin ilk ilində Ermənistanla danışıqlara sıfırdan başlanacağını, torpaq məsələsində heç bir güzəştə gedilməyəcəyini dedi və etdi. Və bu həmən İlham Əliyevdir ki, qərbdəki bəlli çevrələrin, regionun iki böyük dövlətinin bunun əleyhinə çıxmasına rəğmən Azərbaycanın hansı yolla olursa-olsun torpaqlarını azad edəcəyini bildirirdi, onu da reallaşdırdı.

Ona görə də kimin ağzından hansı avazın gəlməsindən asılı olmayaraq Azərbaycanda haylara onları digər vətəndaşlarımızdan fərqləndirən hər hansı bir statusun verilməyəcəyi aydındır. Və əgər yaxşı-yaxşı düşünsələr görərlər ki, onlar üçün əslində ən böyük status elə Azərbaycan vətəndaşı olaraq tanınmalarıdır. Çünki indi onlar qədər təhlükəsizlikləri sual altında olan və hüquqsuz bir toplum yoxdur. Bilmirlər ki, ağaları kimdir, kimin sözü ilə durub-oturmalıdırlar- təsiri günü-gündən buxarlanan rəsmi İrəvanın, Qarabağdakı gələcəkləri çox qaranlıq olan separatçı ünsürlərin, yoxsa Rusiyanın oradakı müvəqqəti hərbi kontingentinin? Belə bir vəziyyədə olmalarının da əsl səbəbkarları əslində elə adları keçənlər, addımbaşı onların təhlükısizlik və haqlarından dəm vuran digər çevrələrdir.

Qarabağdakılar görünür, özləri də bunu artıq anlamağa başlayır və aralarında elələrinin sayı durmadan artır. Əgər belə bir tendensiya olmasaydı, Prezidentimiz dünənki intervüsündə ona toxunmazdı.

Azərbaycan vətəndaşları və vətəndaşı olmaq istəyənlər yəqin yeni Laçın yolu çəkən soydaşlarımızla, ətraf kəndlərdə yaşayan hayların ünsiyyəti haqda cənab İlham Əliyevin dediklərinə diqqət yetirdilər. Onun həmən məsələdən danışarkən orada rusiyalı hərbçilərin kimisə kimdənsə qorumasına ehtiyac duyulmadığını vurğulaması məncə, proseslərin hansı yöndə gedəcəyinə tam aydınlıq gətirir. Ona da aydınlıq gətirir ki, yeni Laçın yolu daha çox gediş üçün nəzərdə tutulub.

Ermənistan ordusunun tör-töküntüləri, digər qanunsuz silahlı birləşmələr və bəzi separatçı ünsürlər bu yolla rədd olub gedəcəklər. Rusyanın Qarabağdakı hərbi kontingentinin indi postlar qurmağa başladığı həmən yolla yola salınacaqları gün də çox uzaq da deyil. Mənim dünənki intervüdən çıxardığım əsas nəticə bundan ibarətdir. Eyni zamanda bu fikirdəyəm ki, cənab Prezidentin dünənki açıqlamalarından ən çox nəticə çıxarmalı olanlar Qarabağın Rusiyaya hərbi kontingentinin müvəqqəti kontrolu altındakı hissəsində yaşayanlardır.

Onlar əmmaməlilər olsun ya əmmaməsizlər kimin qulaqlarına nə pıçıldamasına yox, hakimiyyətə gəldiyi ilk gündən Qarabağla bağlı bütün dediklərini edən cənab İlham Əliyevin sözlərinə diqqət yetirməli, ondan tutmalı, bunu bir lütf və xeyirxahlıq kimi dəyərləndirərək Azərbaycan vətəndaşlığına hazırlaşmalıdırlar, həm də tezliklə.


Sahib Alıyev
Millət vəkili


AzVision.az


Teqlər:





Xəbər lenti