Pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıqlar edildi

Pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıqlar edildi
  13 Avqust 2022    Oxunub:1021
Yay aylarında kənd təsərrüfatı və digər ərzaq məhsullarından zəhərlənmə riskinin artması nəzərə alınaraq küçə ticarətinin qarşısının alınması ilə bağlı nəzarət tədbirləri gücləndirilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti nəzarət-profilaktiki tədbirlər zamanı yol və səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan, ərzaq məhsullarını heç bir gigiyenik norma və tələb gözlənilmədən elə yolun kənarındaca yığan şəxslər müəyyən edilib.

Onlarla ətraflı şəkildə izahedici söhbətlər aparılıb və yalnız müəyyən edilmiş yerlərdə ticarətlə məşğul olmağın zəruriliyi barədə xəbərdarlıqlar edilib.

Polis əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı həmçinin, məişət tullantılarının ətrafa atılması faktları aşkar edilib. Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib edilib.

Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən eyni zamanda avara və dilənçiliklə məşğul olan şəxslərlə bağlı tədbirlər də təşkil olunub. Bu kimi hallarla bağlı müəyyən edilən şəxslərlə profilaktiki söhbətlər aparılıb və onlar qeydiyyatda olduqları rayonlara göndəriliblər.

AzVision.az



Teqlər:





Xəbər lenti