Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır

   Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
  15 Avqust 2022    Oxunub:895
Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən müvafiq qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr olunub. Kitabçalarda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

Daha əvvəl isə DİM orta ixtisas təhsili pilləsi üzrə “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib. Bu xüsusi buraxılışda “2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli” və digər faydalı məlumatlar təqdim olunub.

“Abituriyent” jurnalının 4-cü nömrəsində isə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən məsləhət mərkəzlərinə müraciət edə bilərlər. “Abituriyent məsləhət mərkəzləri” haqqında ətraflı məlumat linkdən tanış olmaq mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti