Armavianın iflası Türkiyəyə düşərli oldu

Armavianın iflası Türkiyəyə düşərli oldu
  07 Aprel 2013    Oxunub:1398
Türkiyə şirkətinin erməni müştərilərinin sayı artıb
Ermənistanın “Armavia” hava yolları şirkətinin bazar ertəsi bütün uçuş əməliyyatlarını dayandırdığını elan etməsindən və Van-İrəvan çarter səfərlərinin təxirə salındığı barədə qərar verildikdən sonra iki ölkə arasında təyyarə uçuşları davam etdirilməkdədir.

Mərkəzi İstanbulda olan "Tower" aviasiya və səyahət firması Türkiyənin Atlasjet hava yolları şirkətindən icarəyə götürdüyü təyyarələrlə həftədə 2 dəfə İstanbul-İrəvan-İstanbul uçuşlarını həyata keçirir.

“Tower” firmasının özünü təqdim etməyən nümayəndəsi “BBC Azərbaycanca”ya bildirib ki, onlar 14 ildir Türkiyə ilə Ermənistan arasında qarşılıqlı çarter reyslərinin təşkililə bağlı əldə olunmuş razılaşmaya əsasən, təyyarə səfərləri təşkil edir.

Türkiyənin digər bir şəhəri ilə İrəvan arasında planlaşdırılan uçuşlar başlamamış təxirə salınıb. Türkiyə mediası bunu Azərbaycanın narazılığı ilə əlaqələndirib.

"Yanlış anlaşılma"

"Türkiyənin Ermənistana qarşı embarqo qərarına görə uçuşları müntəzəm yox, icarəyə götürülmüş təyyarələrlə çarter reysləri vasitəsi ilə həyata keçiririk", o deyib.

Firma təmsilçisinin sözlərinə əsasən, Van-İrəvan uçuşları təxirə salındıqdan sonra İstanbul-İrəvan sərnişinləri arasında "yanlış anlaşılma" olub.

"Müştərilərimiz İstanbul-İrəevan uçuşlarının da ləğv olunduğunu da zənn etdilər. Lakin hadisələrdən sonrakı ilk uçuşda hər şey onlara bəlli oldu" - firma nümayəndəsi deyib.

Anlaşmaya əsasən, "Atlasjet" və "Armavia" hərəsi həftədə 2 dəfə uçuş edə bilər.

"Əvvəllər "Armavia" həftədə 2 dəfə uçuşlar etdiyi və sərnişin tələbatı olmadığı üçün "Atlasjet" həftədə yalnız bir gün sərnişin daşıma haqqından istifadə edib. Amma "Armavia" çökdükdən sonra "Atlasjet" həftəlik uçuşlarının sayını ikiyə çatdırıb. Hazırda həftədə iki dəfə - çərşənbə və bazar günləri uçuşlar gerçəkləşdirilir. Biletlərin qiyməti tək gediş 300, gediş-dönüş 500 dollaradır", - "Tower"in satış təmsilçisi əlavə edib.

"Tower"in Ermənistandan müştəriləri xüsusilə yay aylarında çox olur. "Ermənistandan gələnlər İstanbula, əsasən, xırda ticarət məqsədilə gəldikləri üçün yanvar-aprel aylarında sərnişin sayında azalma olur" deyə firmanın nümayəndəsi bildirib.

Şirkətin sahibi erməni mənşəli Türkiyə vətəndaşı Dikran Altundur.

Van-İrəvan

Ermənistanın milli aviadaşıyıcı şirkəti “Armavia” cari il aprelin 1-dən uçuşları dayandırmaq və müflisləşmə prosedurasına başlamaq qərarı qəbul edib.

“Son üç il ərzində şirkətin sahibkarı digər bizneslərindən əldə edilən gəlirini “Armavia”nın inkişafına yönəltməyə məcbur olub. Lakin bu gün vəziyyət elədir ki, daha bu cür işləmək mümkün deyil. Ona görə də uçuşları dayandırıb, bankrotluq prosesinə başlamaq qərarı qəbul olunub”, - bəyanatda deyilir.

Türkiyənin Borajet Hava Yolları Şirkəti isə Van-İrəvan istiqamətində planlaşdırdığı çarter reyslərini təxirə salıb.

Borajet rəhbəri Kadir Peker Haber-Turk qəzetinə deyib: "Biz uçuşları təxirə salırıq, çünki təyyarələrdən, başqa əsas marşrutlar üçün istifadə edəcəyik".

Türkiyə Nəqliyyat Nazirliyinin rəsmisi uçuşların təxirə salındığını təsdiqləsə də, səbəbləri açıqlamayıb.

Yerli media səbəblərin siyasi olduğunu iddia edib və Azərbaycan və Türkiyə arasında dostluq münasibətlərinin Ermənistana uçuşlara mane olduğunu yazıb.

Azərbaycanda bu xəbər rəsmilərin tənqidi ilə qarşılanmışdı.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov aviareysin açılmasını "Ermənistandakı işğalçı rejimə hansısa formada verilmiş rəsmi dəstək" adlandırıb.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun aviareysin “dövlət təşəbbüsü” olmadığını qeyd edib.

Van-İrərevan aviareysinin açılmasını turizm baxımdan əlverişli hesab edən Türk-Erməni Biznes Şurasının (TABDC) təmsilçisi Noyan Soyak “BBC Azərbaycanca”ya ertələnmə xəbərini ötən həftə verib. O, bu xəbərdən təəssüf ifadə edib.

Soyakın dediyinə görə, Borajetin baş direktoru Kadir Peker onunla telefon danışığında bildirib ki, məsələ ilə bağlı məlumat almaq və durumu müzakirə etmək üçün Ankaraya yola düşüb.

Azərbaycan və Ermənistan arasında mübahisəli Dağlıq Qarabağ münaqişəsi 1988-ci illərdən başlayıb və müharibə ilə müşahidə edilərək 1994-cü ildə atəşkəslə sonlanıb.

Həmin vaxtdan Türkiyə Azərbaycanla həmrəyliyini bildirmək üçün Ermənistanla sərhədləri bağlayıb.

Son üç ildə sərhədlərin açılması mövzusu aktuallaşsa da, məsələ tam həll olunmayıb.(modern.az)


Teqlər:  





Xəbər lenti