“Taliban”ın 1 ili: Əfqanıstan hara gedir – Qırğız politoloqun şərhi

      “Taliban”ın 1 ili:    Əfqanıstan hara gedir –    Qırğız politoloqun şərhi
  22 Avqust 2022    Oxunub:2679
Avqustda Taliban hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsinin bir ili tamam olur. Silahlı Taliban qrupları ölkənin 34 əyalətindən 33-nü ələ keçirdikdən sonra avqustun 15-də hökumət qüvvələrinin müqaviməti olmadan paytaxt Kabilə daxil oldular. Keçmiş prezident Əşrəf Qani və onun nazirlər kabinetinin üzvləri qaçdılar.
Ölkədə hakimiyyətin ələ keçirilməsindən bir il keçsə də, Taliban hökumətini dünyanın heç bir dövləti rəsmən tanımır. Bəs bu müddətdə nə dəyişib? Taliban ölkəni hara aparır?

AzVusion.az-ın bu və digər suallarına cavab verən qırğızıstanlı politoloq Edil Osmonbetovun sözlərinə görə, bu gün Ukraynadakı müharibə səbəbindən Taliban qlobal gündəmdən kənar regional problemdir. Əsas oyunçular Ukrayna ilə məşğuldur. İyulun 25-26-da Daşkənddə Əfqanıstanla bağlı beynəlxalq konfrans keçirilib və orada dünyanın 20-dən çox ölkəsindən nümayəndə heyətləri iştirak ediblər. Tədbirdə Talibanın nümayəndə heyəti də təmsil olunub.

- Bu gün Əfqanıstanın Taliban rejiminin hakimiyyəti altında nələr etdiyini öyrənməyin vaxtı çatıb.- politoloq deyir,- Orada indi siyasi vəziyyət necədir? Ölkənin iqtisadi göstəriciləri hansılardır? Konfransın əsas məqsədi Əfqanıstanı yenidən qlobal gündəmə gətirmək idi. Bu konfransda “Əfqanıstanı necə xilas etmək lazımdır?” sualı ortaya çıxdı. Əfqanıstanda ÜDM bir il ərzində 40% azaldığı üçün aclıq təhlükəsi var. Yüzlərlə insanın həyatına son qoyan güclü zəlzələ zamanı Əfqanıstana praktiki olaraq heç bir humanitar yardım göstərilmədiyini söyləmək olar. Bəzi ölkələr humanitar yardım göndərdi - Çin, Orta Asiya ölkələri. Lakin yardımın miqdarı kifayət etmədi. Aydındır ki, iqtisadi inkişaf olmadan təhlükəsizlik və bəzi infrastrukturun, regional layihələrin həyata keçirilməsindən danışmaq mümkün deyil. Taliban beynəlxalq ictimaiyyətin onu hələ də tanınmamasından, heç bir ölkədən maliyyə yardımı alınmamasından, Əfqanıstan Mərkəzi Bankının 7 milyard dollarlıq aktivlərinin dondurulmasından narahatdır.


Ekspert deyib ki, Talibanın üzərinə inklüziv cəmiyyət qurmaq, qadınlar və uşaqlar üçün bərabər hüquq prinsipini həyata keçirmək öhdəliyi qoyulub. Lakin bu məsələlərdə konkret irəliləyiş yoxdur. Bu gün Taliban deyir ki, “gəlin, nəqliyyatla bağlı və regional layihələr həyata keçirək”, biz onların təhlükəsizliyini təmin etməyə hazırıq. Özbəkistan Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolu vasitəsilə Mərkəzi Asiyanı Cənubi Asiya ilə birləşdirməkdə maraqlıdır.

“Burada belə bir problem var - beynəlxalq tanınma olmayana qədər ona heç bir maliyyə yardımı edilməyəcək. Əfqanıstanda deqradasiya davam edərsə, ölkədə ekstremistlərin təsiri getdikcə daha da artacaq. İŞİD də güclənir. Əfqanıstanda artan ekstremizmin qarşısını almaq üçün daha böyük tədbirlər görmək lazımdır”, - E.Osmonbetov bildirib.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Taliban  





Xəbər lenti