Mina təhlükəsi: Bilməyənlərə öyrədək, unudanlara xatırladaq

      Mina təhlükəsi:    Bilməyənlərə öyrədək, unudanlara xatırladaq
  22 Avqust 2022    Oxunub:2237
Siz nə vaxtsa ağır qəza törətmisinizmi? Nəticəsindən geriyə dönüş olmayan hansısa ağır səhvə yol vermisinizmi? Ümid edirik ki, yox. Heç vaxt belə hallarla üzləşməməyinizi arzulayırıq. Amma bununla yanaşı, həmin vəziyyətə düşən insanların nə hiss etdiyini bilməkdə fayda var.
Ani, xırda bir səhvdən sonra faciə yaşananda insan əvvəlcə inanmaq istəmir. Bir anlıq sənə elə gəlir ki, geriyə dönüb, həmin səhvi buraxmaya bilərsən. Məsələn, qəzadan 5 saniyə əvvələ qayıdıb, sürəti azaltmaq istəyirsən. Amma dəhşət içində anlayırsan ki, bu, mümkün deyil. Barışmaq istəmirsən, düşünürsən ki, insana ancaq 1 şansın verilməsi dəhşətli ədalətsizlikdir, eyni səhvi təkrarlamamaq üçün mütləq ikinci şans da verilməlidir. Amma və lakin heyhat – həyat belə hallarda ikinci şansı vermir!

Minalar da belədir. İkinci şans yoxdur. Bizə səhv etmək hüququ verilməyib. Amma səhv etməyəcək qədər peşəkar da deyilik. Çoxumuz minaları, partlamamış hərbi sursatları, “sürprizləri” tanımırıq, heç vaxt görməmişik. Ancaq nəzəri biliklərimiz onlarla qarşılaşanda bizi xilas edə biləcəkmi – burası böyük sualdır. Yaxşısı budur ki, həmin suala cavab axtarmayaq. Əgər peşəkar deyiliksə, bizim potensial minalı ərazilərdə ancaq bir taktikamız olmalıdır: Həmin ərazidən uzaq durmaq.

Bir şeyi qəti olaraq qəbul etmək və əsas prinsipə çevirmək lazımdır: Cüzi də olsa, şübhə varsa, həmin ərazilərə yaxınlaşmamalıyıq. Həyatımız təkcə bizə məxsus deyil – biz həm də ailə üzvlərimiz, doğmalarımız, yaxınlarımız üçün yaşayırıq. Yersiz, mənasız risklərlə onları üzməyə, düşməni isə sevindirməyə haqqımız çatmır! Bizim minalı ərazilərdə edəcəyimiz heç bir iş yoxdur, ola da bilməz!

Bunları bilməyənlərə öyrətmək, unudanlara xatırlatmaq və bilənlərdən öyrənmək hamımızın borcudur.






İllüstrasiya: Nur Ay

Həmçinin oxuyun:
“Mina terror”nun Laçın mərhələsi: “Sürpriz”lərə hazır olmalıyıq!


Teqlər: Mina  





Xəbər lenti