Qazaxıstanın Mərkəzi Bankı inflyasiya ilə necə mübarizə aparır – EKSKLÜZİV

   Qazaxıstanın Mərkəzi Bankı inflyasiya ilə necə mübarizə aparır –    EKSKLÜZİV
  23 Avqust 2022    Oxunub:2981
Qazaxıstan Milli Bankının İnformasiya və Kommunikasiyalar Departamentinin direktoru Asan Axmetjan AzVision.az-ın yüksək inflyasiyaya qarşı görülməli olan tədbirlərlə bağlı suallarını cavablandırıb.
- Mərkəzi banklar inflyasiyanın azaldılması istiqamətində hansı siyasəti həyata keçirməlidirlər?
- Mərkəzi banklar yüksək inflyasiya şəraitində dezinflyasiya siyasəti aparırlar. Mərkəzi bankın faiz dərəcəsinin artması maliyyə bazarında borclanma xərclərinin artmasına gətirib çıxarır ki, bu da öz növbəsində iqtisadiyyatda faiz dərəcələrinin yüksəlməsinə səbəb olur. Maliyyə bazarındakı daha yüksək dərəcələr əhalinin davranışının istehlakçılıqdan əmanətçiliyə dəyişməsinə gətirəcək. Nəticədə mal və xidmətlərə tələbat, inflyasiya gözləntiləri azalacaq və bu, inflyasiyanın tədricən aşağı düşməsinə səbəb olacaq. Bu ilin əvvəlindən Qazaxıstanda illik inflyasiya iyulda 8,4%-dən 15,0%-ə qədər sürətlənib.

- Qazaxıstan Mərkəzi Bankı inflyasiyanın azaldılması üçün nə edir?
- İnflyasiyanın sürətlənməsinə həm xarici, həm də daxili amillər təsir edir. Bu şəraitdə Qazaxıstan Milli Bankı qiymət sabitliyinin təmin edilməsi çərçivəsində ötən ildən başlayan dezinflyasiya xarakterli pul siyasətini davam etdirib. 2022-ci ilin əvvəlindən baza dərəcəsi 475 vahid artırılaraq 9,75%-dən 14,5%-ə çatdırılıb. Baza dərəcəsinin artırılması xarici şokun ölkə iqtisadiyyatına təsirinin qarşısını almağa, təngənin məzənnəsinin həddən artıq ucuzlaşmasını və inflyasiyanın daha da sürətlənməsini əngəlləməyə kömək edərək, makroiqtisadi sabitliyə və təngə aktivlərinin qorunmasına töhfə verdi.

Davam edən inflyasiya proseslərinin sabitliyi də baza dərəcəsinin uzun müddət indiki səviyyədə saxlanmasını tələb edir. Bu, əhalinin yığım davranışını stimullaşdıracaq və bu da növbəti il ərzində inflyasiyaya tədricən təsir edəcək.

Beləliklə, Milli Bank gələcəkdə inflyasiyanın hədəflənməsi rejiminin prinsiplərinə riayət etməklə dezinflyasiya xarakterli pul siyasətini həyata keçirməyə davam edəcək. Baza dərəcəsi ilə bağlı gələcək bütün qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya dinamikasının öz hədəflərinə uyğunluğu, daxili və xarici risklərin balansı, Qazaxıstan Respublikası Hökumətinin həyata keçirdiyi tədbirlərin səmərəliliyi nəzərə alınmaqla qəbul ediləcək.

Seymur Məmmədov
AzVision.az




Teqlər:





Xəbər lenti