"Sertifikatlaşdırmadan keçməyən müəllim işdən azad olunmayacaq"

   "Sertifikatlaşdırmadan keçməyən müəllim işdən azad olunmayacaq"
  23 Avqust 2022    Oxunub:1357
Hazırda Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində 129 min müəllim fəaliyyət göstərir.
AzVision.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, 11 minə yaxın direktor və direktor müavini də dərs deyir, yəni müəllim kimi fəaliyyət göstərir. Bunu da nəzərə alsaq, ümumilikdə 140 minə yaxın dərs deyən müəllim var.

Müəllimlərin sertifikasiyasından danışan E.Əmrullayev təhsil işçilərini narahat edən əsas məsələyə aydınlıq gətirib

O deyib ki, bu il keçirilən sertifikatlaşdırmanın nəticələrinə əsasən heç bir müəllim işdən azad olunmayacaq.

Nazirin sözlərinə görə, təhsilverənlərin sertifikatlaşdırılması prosesində keçid balını toplamış təhsilverənlərin vəzifə maaşına 10 faiz, keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı nəticə əldə edən təhsilverənlərin vəzifə maaşına 35 faiz artım edilməsi nəzərdə tutulub.

İki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olan sertifikatlaşdırmada ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) iştirak etməyəcəklər.

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.

Nazir bildirib ki, ilkin mərhələdə setifikatlaşdırma 11 min ibtidai sinif müəllimini əhatə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti