“Vampir”lər "molla dronları"nın qanını içəcək - FOTOLAR

// Ukrayna səmasında ABŞ-İran qarşıdurması

   “Vampir”lər "molla dronları"nın qanını içəcək -    FOTOLAR
  30 Avqust 2022    Oxunub:3293
ABŞ-ın Ukraynaya ayırdığı yeni hərbi yardım paketində “L3 Harris Technologies” şirkətinin hazırladığı və hələlik döyüşdə sınaqdan keçirilməmiş VAMPIRE antidron sistemi də yer alıb. Ultramüasir sistem Rusiyanın İrandan yeni sifariş etdiyi 1000 ədəd “Shahed 129” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) təhlükəsini aradan qaldırmalıdır.

PUA əlehinə təyinatlandırılan “Vehicle-Agnostic Modular Palletized ISR Rocket Equipment” və ya qısaca olaraq VAMPIRE sistemi istənilən pick-up və ya yolsuzluq üçün nəzərdə tutulmuş avtomobilin, yaxud yedək/stasionar platformanın üzərində quraşdırıla bilər.


Qabağcıl yarıaktiv lazer başlıqlı “Hydra 70 APKWS” ya istənilən digər raketlərin atışı üçün nəzərdə tutulmuş 4 lüləli atəş blokundan və müxtəlif sensorlarla təchiz edilmiş tuşlama qurğusundan ibarət antidron silahı avtonom və mobil sistemdir. Xüsusi avtovasitələrə quraşdırılmış ultramüasir HHM vasitəsi səmanın böyük ərazisinə nəzarət etməyə və hətta eyni zamanda bir neçə hədəfə tuşlanmaya imkan yaradır. Bu imkanlar VAMPIRE-ni daşınan zenit-raket komplekslərindən daha əlverişli edir.


ABŞ-ın “Center for a New American Security” mərkəzinin baş elmi işçisi və müdafiə proqramı müdiri Steysi Peticonun (Stacie Pettyjohn) fikrincə, mobil daşıyıcılara quraşdırıla bilən VAMPIRE Ukrayna müqavimət güclərinin şansını bir qədər də yüksəldərək, Rusiya işğalçı qoşunlarının PUA vasitəsi ilə kəşfiyyat və zərbə imkanlarını minimuma endirəcək.


Amma... 9 ay sonra. “L3 Harris Technologies” rəsmiləri bildirirlər ki, sifariş olunan VAMPIRE antidron sistemləri Pentaqona yalnız bu müddətdə çatdırılacaq.


Hans Kloss
AzVision.az üçün

Həmçinin oxuyun:
Aftafa-kamikadze: İranın hərbi sənayesi özünü biabır etdi – VİDEO
Xankəndidəki ermənilər Laçından hansı dərsi almalıdırlar - Ədalət Verdiyevin yazısı



Teqlər: Silah   Müharibə  





Xəbər lenti