Ukrayna müharibəsi necə qurtara bilər: 6 ssenari

   Ukrayna müharibəsi necə qurtara bilər:    6 ssenari
  01 Sentyabr 2022    Oxunub:4864
Ukraynadakı müharibə nə ilə və necə qurtara bilər? Bu, hazırda dünyada bir nömrəli sualdır. Buna görə də, müxtəlif ekspertlər onunla bağlı ehtimallar irəli sürürlər. AzVision müharibənin sonrakı gedişatı və finalı ilə bağlı altı əsas ssenarini bir yerə toplayıb.
1. “Üzücü müharibə”

Əslində bu, artıq faktiki olaraq həyata keçirilir. Ruslar və ya Ukrayna Silahlı Qüvvələri minimum proqramlarını yerinə yetirsələr, bu, düşmənə vurulan ölümcül zərbə olmayacaq və müharibə davam edəcək. Ona görə də, bu ssenari müharibənin uzun müddət davam edə biləcəyi deməkdir - iştirakçı ölkələrdən biri rəqibinin şərtlərini qəbul edənə və ya uğursuzluğa düçar olana qədər. İflasın hərbi olması mütləq deyil. Çöküş həm iqtisadi, həm də siyasi ola bilər.

Birinci Dünya Müharibəsi ilə analogiya apararaq xatırlaya bilərik ki, Rusiya İmperiyasının süqutu hərbi məğlubiyyət səbəbindən deyil (1917-ci ilin əvvəllərində cəbhələrdə vəziyyət rus ordusu üçün yaxşılığa doğru nəzərəçarpacaq dərəcədə dəyişmişdi), daxili sabitliyin pozulmasına görə baş verdi. Almaniyada da eynilə bu cür oldu; 1918-ci ildə o, təkcə Antanta qoşunlarının hücumuna (onlar hələ Almaniyaya girə bilməmişdilər) görə deyil, həm də orduda və cəmiyyətdə başlayan inqilabi ovqat səbəbindən müqaviməti dayandırdı.


Odur ki, müharibənin nəticəsi təkcə döyüşən ordunun uğurundan yox, həm də cəmiyyətin dayanıqlığından və dövlət idarəçiliyi sisteminin effektivliyindən asılıdır.

“Düşməni zəiflədərək, onun məğlubiyyətini gözləmək” ssenarisi hər iki tərəf üçün risklidir. Çünki müharibənin uzanması ilə bağlı vəziyyət gözlənilmədən dəyişə və iflas qəfil gələ bilər. Birinci Dünya Müharibəsində bir-biri ilə vuruşan Almaniya və Rusiya nümunəsində olduğu kimi.

Bundan əlavə, artan sosial-iqtisadi problemlər, dünya müharibəsinə sürüklənmə riski və texnogen fəlakətlər (məsələn, Zaporojye Atom Elektrik Stansiyasında təxribat) təhlükəsi səbəbindən belə bir ssenarini dünyanın aparıcı oyunçuları da təhlükəli saya bilərlər.

2. Sülh müqaviləsi

Bu müqavilə Ukrayna və Rusiyanın (de-yure), həmçinin Qərbin (de-fakto) tərəfdar olacağı razılaşmanı nəzərdə tutur. Çünki Qərbin Rusiyaya qarşı sanksiyaları ləğv etmək və Ukraynanın təhlükəsizliyinə zəmanət vermək qərarı olmadan hər hansı razılaşma mümkün deyil. Burada Türkiyə və ya Çin kimi digər dövlərlərin rolu da ola bilər.


Bu müqavilənin parametrləri artıq bu ilin martında müzakirə olunub. Bunlara Ukraynanın neytral statusu (Qərbin zəmanəti müqabilində) və Donbas və Krımla bağlı məsələlərə baxılmaması daxil idi. Bundan əlavə, bir sıra mənbələrə görə, Rusiya fevralın 24-dən sonra ələ keçirdiyi ərazilərdən geri çəkilməyə (bu həm Ukraynanın, həm də Qərbin tələbidir), həmçinin Ukraynanın Aİ-yə daxil olmasına əngəl törətməməyə razılaşmışdı.

İstanbuldakı görüşdən sonra tərəflər sülhə yaxınlaşmış kimi görünürlər. Lakin sonradan mətbuatda yayılan versiyaya görə, Ukrayna döyüş meydanında daha yaxşı mövqe əldə edə biləcəyi qənaətinə gəlib və danışıqlarda iştirakını dayandırıb. Ardınca Rusiya da 24 fevraldan sonra ələ keçirdiyi ərazilərdən imtina etməyəcəyini açıqladı. Lakin Ukrayna hakimiyyəti buna getməyə hazır deyil. Qərb də yeni anneksiyanı tanımaq istəmir. Burada kompromis əldə etməyin mümkünküyünü, yəni Cənub-Şərqdə bir növ “super muxtariyyət” yaratmaqla Ukraynanın daxili siyasətində Moskvaya çox böyük güzəştlər ediləcəyinə inanmaq çətindir. Həm də amansız müharibədən sonra bunun ehtimalı sıfıra yaxındır. Buna görə də, "yüngül versiya" müzakirə olunur - müharibəni sülh müqaviləsi olmadan dayandırmaq və ya "Koreya ssenarisi".

3. "Koreya ssenarisi"

"Koreya ssenarisi"müharibənin sülh müqaviləsi olmadan yalnız atəşkəs müqaviləsi əsasında dayandırılmasını nəzərdə tutur. 1953-cü ildə Koreyadakı müharibə ölkənin 38-ci paralel boyunca bölünməsi ilə başa çatdı. Ukraynada bu, atəşkəs zamanı faktiki cəbhə xəttinin götürüldüyü mövcud durum olacaq. Bundan sonra 100 faizə yaxın ehtimalla Ukraynanın işğal olunmuş ərazilərində onların Rusiya Federasiyasına daxil olması ilə bağlı “referendum” keçiriləcək. Cəbhə xətti Ukrayna və Rusiya arasında faktiki olaraq yeni sərhədə çevriləcək, baxmayaraq ki, nə Ukrayna, nə də Qərb bunu de-yure tanıyacaqlar.

Lakin bu variant Ukrayna üçün sülh müqaviləsindən daha sərfəsizdir. Çünki ölkə faktiki olaraq ərazi itirir və heç bir təhlükəsizlik zəmanəti almır. Yəni Rusiyanın müəyyən müddətdən sonra yenidən hücuma keçməyəcəyinə zəmanət vermir. Rusiya Federasiyasından işğal etdiyi Ukrayna ərazilərini geri almaq, demək olar, mümkün olmayacaq, çünki Moskva bunu öz ərazisinə hücum kimi qəbul edəcək və nüvə silahından istifadə edə bilər. Təbii ki, belə bir şəraitdə heç kim Ukraynanı Aİ-yə qəbul etməyəcək və hər an yeni hücuma məruz qala biləcək ölkəyə heç kim investisiya qoymağa tələsməyəcək.


Buna görə də, Ukrayna “Koreya ssenarisi”ni nəzəri olaraq yalnız Qərbdən NATO-nun “5-ci maddəsi”nə oxşar zəmanətlər (NATO üzvü olan ölkələrdən birinə hücum bütün NATO üzvlərinə müharibə elan etmək deməkdir) almaq şərtilə nəzərdən keçirə bilər. Qərbin onlara verməyə hazır olduğuna dair hələ heç bir sübut olmasa da, müəyyən variantlar var. Məsələn, ərazi mübahisələri olan ölkənin NATO-ya daxil edilməsinin mümkünlüyünü nəzərdə tutan, lakin Alyansın təhlükəsizlik zəmanətlərinin mübahisəli ərazilərə şamil edilməməsi şərtilə bilinən “Rasmussen formulu” var. Yəni NATO bu düsturla ilhaq edilmiş əraziləri geri almaqda Kiyevə kömək etməyəcək, Ukraynanı Rusiyanın yeni hücumu olacağı təqdirdə isə qoruyacaq.

Amma Ukrayna hakimiyyəti hazırkı cəbhə xəttinin təsbiti şərtilə barışıq variantlarını rəsmi olaraq rədd edir.

4. “Hərbi referendum”

Bu o deməkdir ki, Rusiya atəşkəs əldə olunmadan, hərbi əməliyyatlar davam edə-edə tutduğu ərazilərin ilhaqına dair “referendum” keçirəcək. Bundan sonra həmin əraziləri öz tərkibinə qatacaq və Kiyevə ultimatum təqdim edəcək; hücumlar davam edəcəyi təqdirdə bunu “təcavüz aktı” kimi qəbul edəcək və nüvə silahından mümkün istifadə ilə “aqressiyaya cavab” verəcək.

Ukrayna hakimiyyətinin bu ultimatumu qəbul etməyə və döyüşləri dayandırmağa nə dərəcədə hazır olacağı bəlli deyil. Rusiyanın ultimatumu bu şəkildə formalaşdırmağa hazır olub-olmaması aydın deyil. Bundan əvvəl Moskva Ukraynada nüvə silahından istifadə etmək niyyətini dəfələrlə təkzib edib.


Bir müddət əvvəl “hərbi referendum” ssenarisi kifayət qədər intensiv müzakirə olundu. Deyirdilər ki, sentyabrın 11-də “referendum”un keçirilməsi planı artıq hazırlanıb. Hazırda Puşilinin son açıqlamalarına baxsaq, ondan imtina edildiyini görərik. Ancaq bu heç də ideyanın artıq geri qaytarılmayacağı və konsepsiyanın bir daha dəyişməyəcəyi demək deyil.

5. Qərblə Rusiya arasında “böyük sövdələşmə”

Bu o deməkdir ki, ABŞ, bütövlükdə Qərb, Rusiya Federasiyası və ola bilsin digər ölkələr problemli məsələlərdə bir-birinə güzəştə gedərək, yeni dünya nizamı barədə müəyyən razılığa gəlirlər. Bu razılaşmanın bir hissəsi də Ukraynadakı müharibəyə son qoymaqdır.

Putin dəfələrlə Ukraynadakı müharibənin onun üçün “yeni dünya düzəni uğrunda” mübarizənin yalnız bir hissəsi olduğunu bildirdiyinə görə, bu istiqamətdə məqsədlərə çatılması “böyük qələbə” elan oluna bilər ki, bu da Ukraynada daha böyük kompromislərə (o cümlədən Rusiya tərəfdən) yol açacaq. Bu isə bizə ikinci ssenaridə təsvir olunan sülh müqaviləsi mövzusuna qayıtmağa imkan verəcək - Qərblə Rusiya arasında etimad sıfıra yaxın olsa və hər hansı qlobal razılaşmalar çox çətin görünsə də.

6. Dünya Müharibəsi

Bu o deməkdir ki, NATO ölkələri və ola bilsin ki, digər dövlətlər Ukraynada birbaşa müharibəyə girəcəklər. Yaxud paralel olaraq dünyanın başqa bir yerində (məsələn, Tayvan uğrunda) Qərbin və Rusiyanın cəlb olunacağı böyük müharibə başlayacaq. Fəlakətli variantdır, çünki bu, qlobal nüvə qırğınına səbəb ola bilər. Ümid edək ki, nüvə müharibəsi ssenarisi ssenari olaraq qalacaq və heç vaxt həyata keçməyəcək.

Nadir Quliyev
AzVision.az


Teqlər: Ukrayna   Müharibə  





Xəbər lenti