Sosial AlQOkolizm

// Alqoritmlər şəbəkəni və bizi necə idarə edirlər

   Sosial AlQOkolizm
  02 Sentyabr 2022    Oxunub:2391
15 il əvvəl sosial şəbəkələrin yaradıcıları təsəvvür belə etmirdilər ki, 2022-ci ildə dünya əhalisinin yarısı Facebook və İnstaqram lentlərini fırlatmağa saatlarla vaxt sərf edəcək, yastıqlarının altında smartfon olmadan yata bilməyəcək və ekrana baxmaq ehtirası ağır psixoloji pozğunluqlar epidemiyasına səbəb olacaq.
Daha pisi odur ki, milyardlarla adam üçün kontenti (məzmunu) alqoritm müəyyən edir. Müasir sosial şəbəkələrdən gələn bütün bəlaların günahkarı məhz odur. Bu alqoritmlər necə yaradılıb, onlar bizim haqqımızda nə bilir və bəşəriyyət niyə artıq onları idarə edə bilmir?

Bu gün dünyada 7,83 milyard insan yaşayır. Ən böyük sosial şəbəkələrin 4,2 milyard istifadəçisi var. 2020-ci karantin ili ərzində onların sayı 13 faiz artıb. Bu isə o deməkdir ki, dünya əhalisinin 53,6 faizi sosial şəbəkələrdən istifadə edir. Bütün bu rəqəmlər bir şeyi deyir: bəşəriyyət smartfonda yaşayır və artıq real və virtual həyata bölünmə yoxdur.

Facebook uzun illərdir dünyanın ən populyar sosial şəbəkəsi hesab olunur. 2021-ci ilin əvvəlində Amerika nəhənginin auditoriyası 2,74 milyard insana çatdı - dünya əhalisinin təxminən üçdə biri. Auditoriya ölçüsü baxımından yalnız “Google”a məxsus olan “YouTube”u Facebook ilə müqayisə etmək olar. Bəs milyardlarla istifadəçi hər gün nə görür?

“News Feed” erası

İstənilən sosial şəbəkə xəbər lenti ilə başlayır. Bu lent hər saniyə yenilənən və doldurulan məlumatları əhatə edir. Ancaq insan bunların hamısını mənimsəmək iqtidarında deyil, odur ki, onu rasionallaşdırmaq lazımdır. İstifadəçilər artıq çoxdan sərbəst məzmun seçmək imkanından məhrumdurlar – “ağıllı” xəbər lentini alqoritmlər formalaşdırır. Onların əsas vəzifəsi istifadəçini sosial şəbəkədə saxlamaqdır. Axı insan internetdə nə qədər çox vaxt keçirsə, bir o qədər çox reklam görür. İstənilən sosial şəbəkə pulsuzdur, bu isə o deməkdir ki, istifadəçilər ona öz vaxt və diqqətlərini ödəyirlər. Amma həmişə belə olmayıb…


İlk sosial şəbəkələr bu gün görməyə öyrəşdiyimizdən tamamilə fərqli idi. “News Feed” (Facebook xəbər lentinin rəsmi adı) meydana çıxmazdan əvvəl istifadəçilər yenilikləri axtarırdılar. Bu, çox vaxt aparırdı. Tanışlıq dairəsi nə qədər çox olsa, məlumatlı qalmaq bir o qədər çətin idi. Problemin həlli 2006-cı ildə tapıldı: Facebook tərtibatçıları dostların bütün xəbərlərinin avtomatik daxil olduğu alternativ ana səhifə yaratdılar. Hər dəfə başqalarının profilinə daxil olmaq ehtiyacı öz-özünə aradan qalxdı: təzə fotolar, statuslar və mesajlar bir yerdə toplandı.
Facebook “News Feed”i işə saldıqdan sonra internetdə artıq heç nə əvvəlki kimi olmadı…

Aşkar rahatlığına baxmayaraq, Facebookun funksiyası istifadəyə verildiyi ilk günlərdə ciddi qalmaqala səbəb oldu. Bir çox istifadəçi xəbər lentini zəhlətökən hesab etdi. Onlar "Məmməd Əhmədi dostluğuna qəbul etdi" kimi darıxdırıcı bildirişlərlə qarşılaşmaqdan bezdiklərindən şikayətləndilər. Ancaq əsas problem başqa idi: minlərlə insan özlərinə aid yeniliklərin lentə düşməsini istəmirdi. Dostlarının onlar haqqında çox şey biləcəyindən narahat idilər. Onlar xəbər lentini söndürə bilməzdilər, lakin yeni funksiyaya qarşı çıxan həmfikir insanlardan ibarət icmalar yarada bildilər. Bir neçə gün ərzində ən populyar qruplardan birinə 700.000 üzv qoşuldu - bütün Facebook istifadəçilərinin demək olar ki, 10 faizi. Lakin Mark Zukerberq möhkəm dayanmışdı.


Rusiyanın “VKontakte” sosial şəbəkəsi 2010-cu ildə özünün "Statuslar 2.0" adlı xəbər lentini təqdim edəndə də oxşar qalmaqal yaranmışdı. Bundan əvvəl yazıların bütün müzakirələri istifadəçilərin şəxsi səhifələrində aparılırdı (onlara "divar" deyilirdi). "Divar"ın xüsusiyyətlərinə görə, insanlar gördükləri hər hansı xəbərə şərh yaza bilmirdilər. Bunun əvəzinə profildə nümayiş olunan ayrıca post yazmalı oldular. “VKontakte” auditoriyasının əksəriyyəti yeni ünsiyyət formatına keçmək istəmədi. Lakin çoxluğun istəyinin əksinə, şirkətin rəhbəri Pavel Durov təcrübəni sınaqdan keçirməyə qərar verdi. On minlərlə istifadəçi sosial şəbəkənin təsisçisinə dəyişiklikləri ləğv etməsi üçün yalvardı, əks halda hesablarını silməklə hədələdilər. Lakin təhdidlər kömək etmədi və yenilik qaldı.

Tədricən Instagram, Twitter və YouTube da daxil olmaqla, bütün populyar xidmətlər lentdə məzmunun alqoritmik şəkildə çatdırılmasına keçdi.

Alqoritm necə işləyir?

“Ağıllı lent”lərin ilk versiyaları kifayət qədər primitiv idi, lakin tədricən modernləşdirildi. Əvvəlcə lentdəki postun görünməsinə yalnız bir neçə amil təsir edirdi: paylaşımın təzəliyi və ona nə qədər istifadəçinin reaksiya verməsi. 2009-cu ildə əfsanəvi "Like" düyməsi peyda oldu. O, istifadəçilər üçün deyil, tərtibatçıların rahatlığı üçün hazırlanmışdı. Onlar “Like” düyməsinin köməyi ilə kontenti xəbər lenti üçün süzgəcdən keçirməyi öyrəndilər.

İstifadəçilər əslində nə etdiklərini anlamasalar da, bu, dahiyanə tapıntı idi. Əgər Facebook istifadəçilərə desəydi ki, alqoritmi təkmilləşdirmək üçün dostlarının yazılarına qiymət verməlidirlər, onlar bu prosesi yorucu və yayındırıcı sayacaqdılar. “Facebook”un xəbər lenti alqoritmi istifadəçilərin təcrübələrini fərdiləşdirən və hər kəsə təsir edən ilk gizli vasitələrdən biri oldu.


Tezliklə reklamçılar və fırıldaqçılar alqoritmin necə işlədiyini başa düşdülər və lenti virus-paylaşımlarla zibilləməyə başladılar. Onlar ən sadə psixoloji fəndlərdən istifadə edərək, insanları postlara reaksiya verməyə necə məcbur etməyin yolunu tapdılar. Bununla da mübarizə aparmaq lazım gəldi. 2010-cu ildə Facebook yeni təkmil “Edge Rank” alqoritmini təqdim etdi. Bundan sonra postun görünməsinə üç əsas amil təsir etməyə başladı. Birincisi, dostların “Facebook”da nə qədər tez-tez əlaqədə olması. İkinci amil çəkidir (və ya istifadəçi hərəkətinin mahiyyəti). Şərti desək, məsələn, şərh yazmaq sadəcə bəyənməkdən daha ağır gəlir. Üçüncü amil vaxt idi, yəni yazı nə qədər yenidir. Postlar bu göstəricilərə əsasən reytinq qazandılar – o hər bir istifadəçinin özünə məxsus idi. Reytinq nə qədər yüksəkdirsə, postun qalanlardan daha əvvəl görünmə şansı bir o qədər yüksəkdir.

Sistem planauyğun şəkildə yeni amillərlə zənginləşdi. Sosial şəbəkə üç ilkin parametrə əlavə olaraq 100 mindən çox əlavə parametri təhlil etməyə başladı. Bir neçə ildən sonra Facebook-un əsas rəqibləri də detalları bir qədər fərqli olan oxşar sistemdən istifadə etməyə başladılar. O vaxtdan bəri alqoritmlərin təkmilləşdirilməsi davam edir.

Hazırda istifadəçinin bütün hərəkətləri hesablanır: o, posta neçə saniyə baxıb, hara klikləyib, hansı sözlərə diqqət yetirib. İnsanın bütün maraqları, qorxuları, əhval-ruhiyyəsi, dini inancı belə nəzərə alınır.


Alqoritmlər hətta insanın sosial şəbəkəyə daxil olduğu cihazın texniki xüsusiyyətlərini də nəzərə alır. Məsələn, zəif Wi-Fi olan yerdə insana daha çox mətn göstərilir, çünki o, daha sürətli yüklənir. Lakin parametrlərin tam siyahısını heç yerdə tapmaq mümkün deyil, çünki hər bir sosial şəbəkə onu səylə gizlədir.

Tədricən Facebook istifadəçiləri, sonra isə demək olar ki, bütün digər məşhur sosial şəbəkələr xəbər lentində gördüklərinə nəzarət imkanını itirdilər. Seçim tədricən platformalara keçdi və bu onlara ən qiymətli resurs - istifadəçilərin diqqəti üzərində qeyri-məhdud hakimiyyət verdi.

Alqoritmik lentlərin güclü inkişafı sosial şəbəkələrə minlərlə parametrləri emal etməyə və istifadəçilər haqqında ən intim məlumatları öyrənməyə imkan yartdı. Bütün bu məlumatlar təkamülün növbəti addımı - fərdiləşdirilmiş reklamın yaradılması üçün çox faydalı oldu. 2010-cu ildə Facebook-un gəliri cəmi 1,2 milyard dollar idisə, 2012-ci ildə 5, 2014-cü ildə isə 12,4 milyard dollara yüksəldi. 2019-cu ildə o, artıq 70,7 milyard dollara qazandı və 2020-ci ildə gəlirini bir anda üçdə bir dəfə artıraraq 86 milyard dollara çatdırdı. Bu pulların demək olar ki, hamısı reklamdan qazanılır - bu gün sosial şəbəkələr üçün əsas və demək olar ki, yeganə gəlir mənbəyi reklamdır. Alqoritmlər də onun artmasını təmin edir.

(Ardı var)


Teqlər: Sosial-şəbəkə  





Xəbər lenti