"Atamın mənzilini əlindən aldılar " - Qızı Həsən Əblucla bağlı yazdı

   "Atamın mənzilini əlindən aldılar " -    Qızı Həsən Əblucla bağlı yazdı
  04 Sentyabr 2022    Oxunub:2250
Böyük sənətkar, teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, pedoqoq, Əməkdar artist Həsən Əblucun qızı Elnaz Əbluc atasının başına gətirilənlərdən yazıb.
AzVision.az xəbər verir ki, sosial şəbəkədə bununla bağlı paylaşım edən Elnaz Əbluc indiyə qədər məlum olmayan faktları açıqlayıb.

“Hərdən bu ölkədə çəkdiklərim ürək ağrısına qədər mənə təsir edir. Sonra isə düşünürəm mən kiməm ki? O boyda sənətkar Həsən Əbluca nələr etmədilər?!

“Əməkdar artist” adını almaq üçün dəfələrlə son anda adını siyahıdan sildilər. Neçə dəfə silinəndən sonra atam İrandan gəldiyinə görə onun adını ayrıca “Qızıl xaç” komitəsi təqdim etmişdi və o ad veriləndə siyahıdan adının silinməyi üçün çalışanlar məəttəl qalmışdılar ki, necə bu ad ona verildi?

10 il ailəsi ilə kirayədən –kirayəyə köçən, əşya yığmaqda peşəkarlaşan atama axırda bir mənzil göstərdilər. O da sevinmişdi ki, axır ki, evi olacaq.

Yenə son anda tapşırıqla o mənzil bir aktrisaya verildi. Axırda yenə “Qızıl xaç” bu işə baş qoşur və 10 ildən sonra atama balaca mənzil verilir.

Orda da illərlə atam su daşıdı. Ayrı bir iş otağı olmadığı üçün gecələr mətbəxdə səhərə qədər oturub ssenarilər yazdı, tərcümələr etdi.

Dəfələrlə hazırladığı tamaşaların 90 faiz işi görüləndən sonra onu əsəbləşdirib elə vəziyyətə saldılar ki…Demək olar hazır tamaşanı atıb gedirdi. O tamaşa da verilirdi digər rejissora…

İllərlə İsveçrədən nazirliyə məktub göndərilib xahiş olunurdu ki, Həsən Əblucu göndərin. Atamın əvəzinə “Yox” cavabı verib, yerinə başqa aktyorları göndərirmişlər.

Atamın vəfatından iki ay öncə həmin İsveçrədəki adamlar evimizə qonaq gəldilər və söylədilər: “Neçə ildir sizi dəvət edirik, niyə imtina edirsiniz?”. Atam da “Mənim heç nədən xəbərim yoxdur” –deyəndə onlar şoka düşdülər. Danışdılar ki, sənədləri düzəldək gəlin ora. İki ay keçmədi, atam rəhmət getdi. O adamlara da pis təsir etdi. Neçə ildən sonra gəlib onu tapasan və bu səfər ölüm imkan verməyə…Hansını deyim?”- deyə Əbluc bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti