13 yaşında ana olan qız: Günahkar kimdir?

  13 yaşında ana olan qız:  Günahkar kimdir?
  08 Sentyabr 2022    Oxunub:2761
Bakıda 13 yaşlı qızın uşaq dünyaya gətirməsi cəmiyyətdə geniş rezonans doğurub. Uzun müddət gizlədilən hadisə ev şəraitində doğan qızın halının pisləşməsi və təcili yardıma müraciətindan sonra məlum olub. İcbari təhsilin 9 illik olmasını nəzərə alaraq 8-ci sinif şagirdinin uzun müddət dərsdən yayınması, onunla maraqlanılmaması, hadisənin vaxtında aşkarlanmaması əsas müzakirə obyektdir.
Elm və təhsil naziri Emin Əmrullayev mediayaya açıqlamasında məsələ ilə bağlı istintaq orqanları tərəfindən araşdırılma aparıldığını və hər hansı fikir bildirə bilməyəcəyini deyib. Nazir qeyd edib ki, araşdırmadan sonra nazirliklə bağlı məsələ olarsa, ölçü götürəcələcək.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bu cür halların qarşısını almaq üçün ciddi addımlar atılmalı olduğunu vurğulayıb. O qeyd edib ki, məktəblərdə şagirdlərin dərsə davamiyyətinə ciddi nəzarət olmalıdır:
-Təhsil icbaridir. Məktəb direktoru, müavinləri və müəllimlər bu məsələni xüsusi nəzarətdə saxlamalıdırlar. Məktəbin işi təkcə təhsil vermək deyil, eyni zamanda tərbiyə etməkdir. Tərbiyə prosesinə nəzarət olunmalıdır. İcra hakimiyyətlərinin nəzdindəki yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının da bu işlərə nəzarətinin olması önəmlidir.


Deputat eyni zamanda məktəblərdə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin və cəzalandırmanın vacibliyini də qeyd edib: “Bu, digər şəxslər üçün görk olacaq ki, belə hallar təkrarlanmasın. Çünki cəmiyyətdə hadisələr yaşanır, unudulur və bir müddətdən sonra yenidən təkrarlanır. Buna ciddi reaksiya verməsək, ciddi addımlar atmasaq, bu kimi halların sayı artacaq və qarşısını ala bilməyəcəyik. Heç kim yaxasını kənara çəkməsin. Burada icra hakimiyyəti, Elm və Təhsil Nazirliyi, regional təhsil idarəsi, hüquq mühafizə orqanları, cəmiyyət də məsuliyyət daşıyır. Bu, hamımızın problemidir. Belə məsələlərə həssas yanaşmalıyıq”.

C.Məmmədov vurğulayıb ki, məktəblər şagirdlərin davamiyyətinə nəzarət etməlidir. Şagird dərsə gəlmirsə, araşdırılmalı və müvafiq addımlar atılmalıdır: “Problemi gizli saxlamaqla heç nəyə nail olmayacağıq. Əslində belə məsələlər ictimailəşməli, bilinməli və qarşısı alınmalıdır. Bəzən cəmiyyətdə ciddi hadisələr baş verir və biz buna sükutla yanaşırıq. Səbəblər araşdırılmalıdır. Bir insan bunu törədəndə lazım olan cəzanı almasa, başqaları da atmayacaq. Məktəb direktorları görsə ki, ciddi cəza oldu, o zaman daha ehtiyatlı davaranacaq və işlərinə ciddi yanaşacaq.
Bu hadisə birinci hal deyil. Xəstəxanaya gələndə hadisə məlum olur. Bəs buna qədər cəmiyyət, ailə, dövlət qurumları, orqanlar hara baxırdı? Biz belə halları nə zamana qədər son məqamda, həkimə müraciət ediləndə biləcəyik?”,- deyə deputat sual edib.


Təhsil eksperti Kamran Əsədov da məktəb və təhsilin nəzarətsiz qalmasının mümkünsüzlüyünü qeyd edib. O bildirib ki, 13 yaşında məktəbli qızın hamilə olub, nəzarət mexanizmindən kənarda qalmasına haqq qazandırıla bilməz: “9 illik təhsil icbaridir və uşaq davamlı olaraq məktəbə gəlməlidir. Şagird məktəbə davamlı gəlmirsə, təqdimat yazılmalıdır. Bu hadisə onu göstərir ki, təhsilə nəzarət edən şəxs və qurumlar öz vəzifə səlahiyyətlərini yerinə yetirə bilməyib. Şagirdlər tam nəzarətsiz qalıblar. Buna görə cəzalandırma olmalıdır. Burada təkcə söhbət məktəb direktorundan yox, təhsil şöbəsi, təhsilə cavabdeh şəxslərdən gedir. Çünki insan taleyinə laqeyd yanaşma olub. Bu da təhlükədən xəbər verir. Hadisə araşdırılmalı və qızın oxuduğu məktəbin direktoru və təhsil şöbəsinin müdiri, nazirliyin bu regiona nəzarət edən kuratorları vəzifəsindən uzaqlaşdırılmalıdır. Çünki cəzalanma mexanizmləri tətbiq edilməsə, belə hallar çox olacaq. Hesab edirəm ki, qanunvericiliyin tələbələri təhsil işçilərinin vahid ştat cədvəlini uyğun pozulub”.

Aytən Zəhra
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.19: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


Teqlər:





Xəbər lenti