“İnsan meyitlərinin üzərində binalar tikdiniz”- Kraliçanı şok edən məşhur çıxış

   “İnsan meyitlərinin üzərində binalar tikdiniz”-    Kraliçanı şok edən məşhur çıxış
  12 Sentyabr 2022    Oxunub:2353
Ousmane Sembene Seneqallı məşhur bir yazıçı, ssenarist və rejissor olub. O, 1923 - cü ildə doğulub, 2007-ci ildə vəfat edib. Afrikanın ən mühüm yazıçılarından biri və "Afrika kinosunun atası" hesab olunur.
Ousmane təkcə “Tanrının dünya bitləri “, "Xala", “Qara dərili liman işçisi” kitabları, yaxud rejissorluğunu etdiyi onlarla filmləri ilə deyil, həm də dünyanın yaddaşında Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin qarşısında etdiyi çıxışı ilə qalıb. Bir münasibət , yanaşma, etiraz onu olduğundan daha özəl və məşhur edib...

Sembene 1997-ci ildə Britaniya Kral Ailəsi Xüsusi Fəxri Mükafatına layiq görülüb. O, mükafatın təqdim edilməsi mərasimində II Elizabetə xitabən dünyanı şok edən çıxışını edib və mükafatı götürmədən salonu tərk edib.

AzVision.az həmin çıxışın mətnini təqdim edir:

“Hörmətli cənablar və xanımlar! Nitqimə ingilis dilində davam etməyəcəyim üçün hamınızdan üzr istəyirəm. Sizin torpaqlarınızdayam və sizin sahib olduğunuz sistem içində sizin tərəfinizdən qiymətləndirilirəm. Amma əsl nitqim öz dilimdə olacaq. Maraqlananlar nitqimin ingilis dilinə tərcüməsini oturacaqlarında tapa bilərlər. İngilislər gələndə əllərində İncil, bizim əlimizdə torpaqlarımız var idi. Bizə gözlərimizi yumaraq dua etməyi öyrətdilər. Gözümüzü açanda isə bizim əlimizdə İncil , onların əllərində isə torpaqlarımız var idi. İngilislərin dinini, dilini öyrəndik. Uzaq dünyadan gələn yeni dil və din bizi daim işləməyə məcbur kölələr etdi .

Azadlıq üçün hər dəfə ingilislərə qarşı çıxanda bizi bir- birimizlə döyüşmək üçün razı saldılar və silah verdilər. İngilislər gəlmədən öncə torpaqlarımızda sadəcə dava var idi. İngilislərin müqəddəs dini bizim döyüşkənliyimizdən istifadə etdi, övladlarımızı döyüşçü etdi. Həm də yalnız öz qardaşları ilə döyüşən, dünyanı ingilis dilindən və İncildən ibarət olduğunu sanan vəhşi döyüşçülər. Xəstəliklər yaydılar. Nə olduğunu bilmədiyimiz içkilərlə bizləri xəstə və zəif etdilər. Atalarımızı zəncirləyərək böyük şəhərlərinə qul olaraq apardılar. O böyük binaları, küçələri, tunelləri və kilsələri insan meyitlərinin üzərində inşa etdilər. Özlərini təmizə çıxarmaq üçün sənətçilərinə, ziyalılarına sadəcə özlərini əhatə edən insan təsvirləri hazırlatdılar. Hər növ qidanın böyüdüyü torpaqlarımıza dərmanlar tökdülər.

Böyük ağrılar və işgəncələr yaşatdılar. Hər gələn gəmidən həmişə 2 yerə bölünmüş qayıqlar yaxınlaşdı . İlk gələnlər zülüm etdilər , arxasınca gələn dostları zülümü dayandırma vədi ilə torpaqlarımızı ələ keçirdilər. Bu gün gələnlər də eyni sistemlə hələ də işğala davam edirlər. Yeni dərmanları, bioloji silahları və xəstəlikləri üzərimizdə sınaqdan keçirən könüllü həkimlərinizi istəmirik.

İmperialist sisteminizdə təkrar emal iqtisadiyyatı ilə, əslində istismar olan qida yardımlarınızı istəmirik. Bir - birimizi başa düşməyimizi çətinləşdirən, mahnılarımızı və nağıllarımızı unutduran kasıb dilinizi rədd edirik. Çağdaş dünyanın dəvətində bizi zorla formalaşdıran səthi sənət nəzəriyyələrinizə qarşıyıq. Müstəqilliyimizi elan edir, afrikalı insanlar olaraq doğulduğumuzu və afrikalı ölmək üçün də bütün Avropanı torpaqlarımızdan qovuruq. Bir - birimizi öldürək deyə bizə öyrətdiyiniz irqçiliyi, fəlsəfə adı ilə təqdim etdiyiniz qərbin dayaz fikirləri, hüquq adı ilə etdiyiniz bütün şovinistliklərinizi və incəsənət deyə sırıdığınız bütün estetik təlimlərinizi Afrika torpaqlarından silənə qədər Afrika sizinlə döyüşəcək . Siz qəbul etməsəniz də, bir afrikalı ən azı dünyanın hər hansı bir yerindəki qərbli qədər şərəflidir. İnsan şərəflə doğular . Və heç bir insanın kraliçaların verəcəyi şərəfə ehtiyacı yoxdur".

Ləman Bağdad
AzVision.az


Teqlər:





Xəbər lenti