Bacı da belə getdi.
Gethaget idi, özüm ölüm!
Lenti fırlatdım. Bu dəfə bir gənc qadın özünü güzgüdən çəkə-çəkə oynayırdı, aşağıda isə yazmışdı: “8 ayın gəliniyəm, məni kim saxlayar?” Növbəti videolardan bəlli olacaqdı ki, 1) “TikTok”da ən çox rastlanan, ən dərin mənalı sual elə budur və 2) burada kim nə edirsə, ya oynaya-oynaya edir, ya da çala-çala.
Platformanın telefonumda qaldığı 4-5 ayda mən bir dənə də normal, mənalı, lazımlı, faydalı kontent görmədim. Yox, imanımı yandıra bilmərəm, bir dəfə qabağıma “avtostop” Tural Yusifov çıxdı. Əlində kitab oturmuşdu, deyirdi ki, "mən başqaları kimi nə oxuya, nə oynaya, nə də çala bilirəm, ona görə də sizə kitab mütaliə edəcəyəm”. Dedim, yeri get o yana, pis manyak! Bu qədər hırraxananın arasında kitab dinləyəcək qədər “izvraşenets” deyiləm mən!
TikToksik şəbəkə |
Niyə məhz TikTok elədir, amma məsələn, “tvitter” və ya “feysbuk” yox? Çünki bubirilərdə səhv-sühv də olsa, heç olmasa 2-3 cümləni baş-başa yazmaq qabiliyyəti tələb olunur. Orada o da yoxdur. Buna görə də ən marginal, primitiv kütlə məhz orada toplaşıb.
Hər platformanın özünə uyğun ifadə vasitəsi olur. Mətbuatda bu sözdür, radioda səs, tv-də görüntü, TikTokda isə əndam! Əndamın yetər! Varsa yırğala, hamı hər şeyi başa düşəcək. Yoxdursa, orada nə itin azıb, sən də Tural Yusifovsan bəyəm?!
Əgər çox istəsəniz, buna “ifadə azadlığı” da demək olar, amma normalda “quşxana” deyirlər.
Mən özüm üçün belə qənaətə gəlmişdim ki, dünyada gic-gic işlər görən gözəl qızların kəmiyyəti baxımından heç bir platforma TikTokla rəqabət apara bilməz. Amma orada başqa bir məna tapa bilmədim. Gic-gic işlər görən gözəl qızlar isə mənim üçün hazırda prioritet olmadığından, TikTokla vidalaşdıq.
Vətən Müharibəsindən sonra təəssüf ki, şəhid və qazı mövzusu TikTokda əsas trendlərdən birinə çevrildi və oranın kontingenti öz marginallığını bura da tətbiq etdi. Qəhrəman Azərbaycan övladlarının videolarının əcaib İran melodiyaları, qəribə mərsiyələrlə müşayiət olunmasını görəndə dişim bağırsağımı kəsirdi, amma nə etmək olar?! Marginallığın bir adı var!
TikTok getdikcə daha təhlükəli kütləvi marginallaşdırma silahına çevrilirdi. Xüsusilə bizdə. Bu platforma cəmiyyətə aşağıdan girmişdi deyə, heç cür nəinki yuxarıya, hətta ortalara da qalxa bilmirdi. Ora kimisə məlum ünvana göndərmək üçün işlədilən altı hərfli söyüşü yazanda yeddi səhv buraxanların forumu kimi formalaşdı, elə də qaldı. Getdikcə daha radioaktiv olur, cəmiyyətə marginallıq radiasiyası yayırdı.
Feysbukdakı kontingentə məsələn, hərbi sirri yaymamağı izah etmək və buna nail olmaq mümkündür. TikTokda əsla! Əvvəla, kiməsə bunu başa sala bilməzsiniz. İkincisi, orada dəyərlər tamam başqadır.
Ona görə də, DTX-nın TikToku müvəqqəti qapatmaq qərarı ancaq bir şeyə görə pisdir: müvəqqəti olduğu üçün.
Əziz DTX, bəlkə...