"İşimiz təhlükəlidir, xeyli zədələrimiz var" - Havada şou göstərənlər

 "İşimiz təhlükəlidir, xeyli zədələrimiz var"  -  Havada şou göstərənlər
  07 Oktyabr 2022    Oxunub:4044
AzVision.azsirk sənətinin tanınmış ustası, "Triumf" Sirkinin baş direktoru və bədii rəhbəri Allahverdi İsrafilovla müsahibəni təqdim edir.
- Allahverdi bəy, sirk yolunuz necə başlayıb?
- Mən sirk ailəsində anadan olmuşam. Atam, əmim karyerasını Bakı Dövlət Sirkindən başlayıb. Mən də həmçinin. Atam hər zaman heyvanlarla işləyib, əmim hava gimnastı olub. Onlar kimi mənim də yolum bu sirkdən başlayıb.

- İlk dəfə nə vaxt səhnəyə çıxmısınız?
- 1993-cü ildə 13 yaşımda səhnəyə çıxdım. İlk vaxtlar Sabir Səmədovun rəhbərliyi altında atların üzərində müxtəlif tryuklar edirdim. Amma solo karyeramı Rusiyada hava gimnastı kimi başladım.

- Rusiyaya gedişiniz necə başa verib?
- Bakı Dövlət Sirkindəki işimə görə məni bəyəniblər və Rusiyaya dəvət ediblər. Rusiyanın müxtəlif sirklərində çalışaraq öz üzərimdə daha çox işlədim və nömrələrimi də sirkdə edə biləcəklərimi da təkmilləşdirdim, peşəkarlaşdırdım. Biz bir çox ölkələrdə qastrol səfərlərində olmuşuq. Avropa ölkələrində, Yaponiyada, eləcə də Avstraliyada çıxış etmişik.


- Monako şahzadəsi ilə görüşünüz olub. O görüş barədə nə deyə bilərsiniz?
- 2012-ci ildə bizi Moskvada “Qızıl buff” festivalına dəvət etmişdilər. Monako şahzadəsi Stefaniyə festivaldakı nömrələr barədə məlumat vermişdilər. Videonu görəndən sonra onlar Moskvaya gəldilər. Sirkin məskəni olan Monte-Karlodan bir qrup heyət Rusiyaya o nömrəni izləmək üçün buyurmuşdu. Onlar bizə Monte-Karloda iş təklif etmək istəyirdilər.
Şahzadə bilmirdi ki, mən azərbaycanlıyam. Bu haqda ona məlumat verilməmişdi. Və normal olaraq düşünülürdü ki, Rusiyada yaşayan başqa millətdən də ola bilərəm. Amma biləndə ki, mən azərbaycanlıyam və Monte-Karloda təmsil olunacağam onların marağı ikiqat artdı. İlk dəfəydi ki, Monte-Karloda Azərbaycanı kimsə təmsil edəcəkdi. Şahzadə azərbaycanlı olduğumu biləndə dedi ki, "Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Sizin çox gözəl şəhəriniz var". Həmçinin dedi ki, "sizin birinci xanım Mehriban Əliyeva çox gözəldir".
Biz orada Azərbaycanı bayrağıyla hər incə detalıyla layiqincə təmsil etdik. Sən gəlməz oldun kompozisiyasının sədaları altında nömrə hazırlanmışdı. Gözəl çıxış etdik və mükafatımızı da aldıq. Daha sonra Yaponiyada, İtaliyada, Fransada festivallarda uğurla çıxış etmişik. Moskvada neçə dəfələrlə qalib olmuşuq. Əvvəllər üçüncü və ikinci yerləri qazanırdıqsa illər ötdükcə və təcrübə artdıqca birinci yerləri qazandıq.

- Hazırda fəaliyyətinizi harda davam etdirirsiniz?
- Artist kimi artıq fəaliyyətimi bitirmişəm. Çünki hava gimnastikası həm də yaşla əlaqədar bir sahədir. Və 40 yaşında artıq gimnast kimi çıxış etmək çox çətinləşir. Yaxud da etsən də əvvəlki səviyyədə olmayacaq və illərdə qazandığın adını - markanı saxlaya bilməyəcəksən. Bu yaşda markanı saxlamaq çox çətindir.


- Azərbaycanda sirk sahəsində hansı problemlər, boşluqlar var?
- Problemlər çoxdur. Həmçinin gələcəyə yönəlik planlarımız da çoxdur. Azərbaycanda sirk artistlərini yetişdirmək istəyirik. Gimnast, jonqlyor, kloun... Azərbaycan sirkinin böyük tarixi var. Ondan başqa bütün dünyaya səpələnən ulduzlarımız var. Azərbaycanlılar çox istedadlı millətdir. Sirkin fəaliyyəti müntəzəm bərpa olunandan sonra istedadlı gəncləri sirkə dəvət edəcəyik.

- Heyvanların saxlanması üçün şərait necədir?
- Hazırda heyvanlar üçün şərait yaratmışıq. Heyvan saxlama yerini bütünlüklə təmir etdik. Çünki biz Bakıya bütün dünya artistlərini dəvət etmək istəyirik. Ona görə də həm artistlər, həm də onların heyvanları üçün lazımi şərait yaradılmalıdır. Dünya artistləri üçün Avropa standartları mövcuddur. Ona görə əminliklə deyə bilərik ki, hazırda heyvan saxlama yeri Avropa standartları səviyyəsində təmir olunub. Gələn artistlər adətən özlərinin harada yaşamasını deyil, heyvanlarının harada yaşaması ilə maraqlanırlar.

- Allahverdi bəy, sirkin planlarından danışırsınız. Belə başa düşmək olar ki, uzun müddət burada qalacaqsınız və Bakı Sirkinin işiylə yaxından təmasda olacaqsınız?
- Mən bura bir aylıq gəlməmişəm. Proqramlar dəyişəcək. Çalışacağam həmişə burada olum, nəzarətim olsun. Öz dünya təcrübəmdən istifadə edərək Azərbaycanda sirk sahəsində çox maraqlı işlər görmək istəyirəm.


- Yəni daha çox Azərbaycanda olacaqsınız...
- Bəli.

- Azərbaycanda bu sahəyə maraq göstərilməməsi məvaciblərin aşağı olmasıdırmı?
- Yox, istər heyvanların saxlanıldığı yer, artistlərin statusu, istərsə də qonorar dünya standartına yaxındır.

-Bəs yaranan boşluğun səbəbi nədir?
- Hazırda Bakı Dövlət Sirkinin yeni, güclü komandası var. Tamaşaçılarımız bunu hiss edəcək. Yeni yaradıcı heyətimiz sirk sahəsində peşəkardırlar. Mən də onların yanında olaraq elə edəcəyik ki, Bakı Dövlət Sirki ən yüksək səviyyədə olsun.

- Maraqlı və təhlükəli anlarından da danışın...
-Təhlükələr çox olub. Bizim işimiz təhlükələrdən ibarətdir. Zədələrimiz yetərincə olub. Əsas odur ki, biz fanat kimi sona qədər öz işimizə sadiq qalmışıq.

-Sirk karyelarınızda neçə nömrəniz olub?
- Atların üzərində tryuklardan- cigitlərdən başlayıb doskada çalışmışam, akrobat və hava gimnastı olmuşam. Dörd janrda çalışmışam.

- Karyeranızı nə vaxt bitirmisiniz?
- 2014-cü ildə Çində keçirilən festivalda ikinci yerə layiq görüləndən sonra karyeramı bitirdim.

- Həyat yoldaşınız, övladınız da sirk sahəsindədir?
- Bir qız övladım var, rəssamdır. Bizim sənət təhlükəli sənətdir, ona görə istəmədim ki, o da təhlükələrlə üzləşsin.Yoldaşım isə mənimlə birgə çalışıb. Rəqs Akademiyasını bitirib, hava gimnastı olub. Biz hər zaman birlikdə çıxış etmişik. Bir yerdə də karyelarımızı bitirmişik.

Qeyd edək ki, İsrafilov Allahverdi Həsənbala oğlu 1978-ci ildə Bakıda İsrafilovlar sülaləsinin sirk ailəsində anadan olub. O, sirk karyerasına 1992-ci ildə Sabir Səmədovun rəhbərliyi ilə “Azərbaycanın cigitləri” atçılıq akrobatika ansamblında atçılıqla başlayıb, daha sonra 1998-ci ildə kəmərlərdə “Od adamı” adlı solo hava nömrəsi yaradıb. 2002-ci ildə Rusiyaya köçüb və Tacikistanın Xalq Artisti Abducabor Turdiyevin rəhbərliyi altında hava gimnastı atlısı və eyni zamanda lövhələr atma üzrə akrobat olan Cigit rolunda Rusiya Sirk Şirkətinə dəvət edilib. 2004-cü ildə hava nömrəsi yenilənmiş və bu zaman həyat yoldaşı Qolovaçeva Qalina Yuriyevna onunla işləməyə başlayıb. İsrafilovların rəhbərliyi altında bu nömrə “Hava Adagiosu” adlanırdı, nömrə bir çox mükafatlara layiq görülüb. 2005-ci il Yaponiyadakı “Böyük Sirkdə” Gümüş Aslan, 2006-cı il Fransada “Sabahın Sirki” festivalında Qızıl Mükafat, 2008-ci ildə “Qızıl Buff” dünya sirk festivalında gümüş mükafat, 2009-cu il “Ciniselli bürcü” Beynəlxalq Paytaxt Sirkləri Festivalında Qran Pri, 2010-cu ildə İtaliyada keçirilən “Latina şəhəri” beynəlxalq sirk sənəti festivalında qızıl, 2012-ci il Monte-Karloda keçirilən 36-cı Dünya Beynəlxalq Sirk Festivalında Sirk Oskarı mükafatını alıb. 2014-cü ildən rəhbərlik etdiyi “Sirk Triumf” şirkəti həm Rusiya, həm də xarici artistlərin iştirak etdiyi 39 mükəmməl sirk proqramı hazırlayıb.







Şahanə Rəhimli
AzVision.az


Teqlər: Sirk   Akrobat  





Xəbər lenti