Zəngəzur haqqında ilk xarici müəllifin əsəri təqdim olundu

Zəngəzur haqqında ilk xarici müəllifin əsəri təqdim olundu
  10 Oktyabr 2022    Oxunub:1437
Özbəkistanlı müəllif Şuxrat Salamovun «Zəngəzur - Türk dünyasının qapısı» adlı nəşri 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub.
Sözügedən kitabın çapına Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dəstək göstərib. Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Şuxrat Salamovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni daşnakların regionda, o cümlədən Türkistanda həyata keçirdikləri işğal və soyqırım siyasəti mövzusundakı araşdırmaları haqqında danışıb, onun bu sahədəki xidmətləri və elmi-publisistik fəaliyyətindən söz açıb.


S. Abbasov tarixçi alim Şuxrat Salamovun bu mövzuda onlarla nəşrin müəllifi olduğunu vurğulayaraq «Zəngəzur – Türk dünyasının qapısı» adlı nəşrin olduqca əhəmiyyətli və ilk dəfə olaraq xarici bir müəllif tərəfindən obyektiv şəkildə aparılmış tədqiqatın nəticəsi olaraq hazırlandığını qeyd edib.
S.Abbasov çıxışını Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışından sitatı ilə bitirib: “Zəngəzur dəhlizi artıq reallıqdır və bu dəhlizin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Akif Marifli Zəngəzur bölgəsinin tarixi Azərbaycan torpağı olduğunu vurğulayaraq günümüzdə də Zəngəzur dəhlizinin Azərbaycan Respublikası, region ölkələri, Türk dünyası, eləcə də Avropa ilə Asiya arasında çox mühüm bir nəqliyyat-kommunikasiya körpüsü olduğunu qeyd edib.

Daha sonra çıxış edən Azərbaycan Ombudusman Aparatının əməkdaşı, Zəngəzurdan olan Azadə Novruzova ermənilərin Azərbaycanın tarixi torpaqları olan Zəngəzurda həyata keçirdiyi etnik təmizləmə siyasəti, milli-mədəni irsimizin məhv edilməsi, saxtalaşdırılması, soydaşlarımızın öz doğma yurdlarından deportasiyası haqqında fikirlərini bölüşərək bu tədqiqat əsərinin qeyd olunan hadisələrin tarixinə işıq tutacaq vacib bir mənbə olacağını söyləyib.

Sonda çıxış edən əsərin müəllifi Şuxrat Salamov nəşrin mütəxəssis, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu və kitabda Cənubi Qafqaz xalqlarının taleyində baş vermiş faciəvi tarixi hadisələr mənzərəsindəki bənzərsiz siyasi proseslərin ətraflı təhlili edildiyini qeyd etdi.

O, fədakarlıq qəhrəmanlıq və şücaətlə qazanılmış böyük zəfərin nəticəsi olan üçtərəfli Bəyanatın təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdığını söyləyib.

Müəllif, ədalətin bərpası olan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün Türk dünyasında yeni bir mərhələnin başlanğıcı kimi baxıldığını, Avropa ilə Asiyanı birləşdirəcək əsas xətt, Türk dünyası arasında yaranmış bir körpü olacağına inandığını söyləyib.

AzVision.az



Teqlər:





Xəbər lenti