Mərkəzi Elmi Kitabxananın rəhbərliyi Özbəkistanda səfərdədir

Mərkəzi Elmi Kitabxananın rəhbərliyi Özbəkistanda səfərdədir
  21 Oktyabr 2022    Oxunub:6332
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
MEK-dən AzVision.az -a verilən məlumata görə, səfərdə məqsəd Özbəkistanda bir həftə ərzində keçiriləcək innovasiya, elm, texnika, araşdırma mövzusunda beynəlxalq konfransda və konfrans çərçivəsində təşkil olunan sərgidə iştirak etmək, həmçinin qardaş ölkədə mövcud olan elmi-kütləvi kitabxanaların fəaliyyəti, kitabxana istiqamətində əməkdaşlığın iki ölkənin elmi-mədəni münasibətlərinə verə biləcəyi töhfəni araşdırmaqdır.

MEK nümayəndələri ilk olaraq paytaxt Daşkənddə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi liderin büstünü ziyarət ediblər.

Daha sonra MEK rəhbərliyi Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin ofisində qurumun həyata keçirdiyi layihələrlə tanış olublar. Mərkəzin direktoru Abduləziz Abdulvəliyev, I müavin Fərrux Aminov və əməkdaşlarla görüş zamanı qurumun gələcəkdə AMEA, həmçinin MEK-lə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Baş direktor, professor Məmməd Əliyev ölkəmizdə müasir kitabxana-informasiya sahəsində tətbiq edilən yeniliklər, MEK-in beynəlxalq əməkdaşlıqlarının qurulması və mövcud mübadilə əlaqələrinin genişləndirilməsi imkanları, kitabxananın fondları, layihə və təşəbbüsləri, burada fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondu haqqında ətraflı məlumat verib. Görüşün sonunda MEK adından mərkəzə kitablar təqdim edilib, həmçinin qarşı tərəfdən MEK-ə Özbəkistanın elmi-texniki fəaliyyətlərindən bəhs edən önəmli nəşrlər hədiyyə olunub.

Qeyd edək ki, Özbəkistanın İnnovasiya və İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin rəhbəri Abduləziz Abdulvəliyev cari ilin sentyabr ayında Bakıya səfəri zamanı MEK-də olmuşdur. Görüş zamanı iki qurumun rəhbərliyi arasında müzakirələr aparılmış və əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Səfər zamanı Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev yerli televiziya kanalı olan "MTRK Özbəkistan"-a müsahibə verib. Müsahibəsində baş direktor Azərbaycandakı elm, təhsil, mədəniyyət sahəsindəki inkişafdan, o cümlədən AMEA-nın fəaliyyəti, MEK-də görülən işlər, kitabxana ilə Özbəkistanın aidiyyatı qurumlarının əməkdaşlıq imkanları və s. haqqında fikirlərini bölüşüb.

MEK nümayəndələri Özbəkistanda 50-dən çox xarici ölkənin 100-ə yaxın təşkilatının təmsilçilərinin də qatıldığı "InnoWeek.uz-2022" adlı beynəlxalq sərginin açılışında iştirak ediblər. Açılış mərasimində Özbəkistan Prezidentinin müşaviri Adil Abduraxmanov, Baş nazirin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev, innovativ inkişaf naziri İbroxim Abduraxmonov çıxış ediblər.


AzVision.az



Teqlər: MEK  





Xəbər lenti