Belarus Ukrayna ilə müharibəyə girəcəkmi? - Minskdən baxış

   Belarus Ukrayna ilə müharibəyə girəcəkmi? -    Minskdən baxış
  21 Oktyabr 2022    Oxunub:2778
Belarus və Rusiyanın birgə qoşun bölmələrinin Ukrayna sərhədi boyu yerləşdirilməsi nə deməkdir? Doğrudanmı Minsk Ukraynaya və kollektiv Qərbə qarşı Rusiya ilə birgə vahid cəbhədə çıxış etməyə hazırlaşır?
AzVision.az -ın bu suallarına cavab verən belaruslu politoloq, Avropaya İnteqrasiya Problemləri Mərkəzinin direktoru Yuri Şevtsov deyib ki, müharibə təhlükəsi, şübhəsiz, mövcuddur, lakin hələlik Belarus üçün o qədər də aktual deyil. O mənada ki, ölkə ərazisində nə qismən, nə də ümumi səfərbərlik elan edilib.

“Bu kontekstdə biz sadəcə olaraq qüvvələrin Ukrayna sərhədində cəmləşməsindən danışırıq, çünki Ukrayna tərəfi Belarusla sərhədə 15 minə qədər hərbçidən ibarət qoşun cəlb edib və Belarus tərəfdən onlara qarşı cəmi 5 minə yaxın hərbçi dayanıb. Buna görə də Belarus ərazisinə müdaxilə ehtimalı var. Amma bizdə heç kim Ukraynaya qarşı hücuma hazırlaşmır. Buna dair heç bir fəaliyyət əlamətləri yoxdur”,- ekspert bildirib.

Onun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko Müdafiə Nazirliyinə yaxın vaxtlarda Rusiya hərbçilərini qəbul edib yerləşdirməyi tapşırıb. Bu o deməkdir ki, sərhəddə çox böyük disbalans olmayacaq. Ancaq Belarusun Ukrayna ərazisində hər hansı hücum əməliyyat aparmağa hazırlaşdığına dair fəaliyyətlər görünmür.

“Hesab edirəm ki, verilən hərbi həyəcan siqnalı ilə hər şeyin bitmə ehtimalı var. Belarus lideri bildirib ki, Minsk Ukrayna ilə hərbi münaqişədən çəkinmək üçün əlindən gələni edəcək. Baş verə biləcək maksimum şey raket zərbələrinə hazır olmaqdır, lakin Belarus tərəfi Ukrayna ərazisində quru qoşunları ilə hərbi əməliyyatlar keçirmək planları qurmur”, - Y. Şevtsov bildirib.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Müharibə   Ukrayna  





Xəbər lenti